Onlar düşmənlə döyüşdülər, yaralıları sağaltdılar, yol göstərib xilas etdilər

Onlar düşmənlə döyüşdülər, yaralıları sağaltdılar, yol göstərib xilas etdilər

8 Noyabr, 13:56 Sosial mediada paylaşın:

“Azərbaycantelefilm” Vətən müharibəsinin ildönümü, Zəfər Günü münasibətilə yeni sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Qəhrəmanların səsi” adlanır.

Filmin qəhrəmanları Vətən müharibəsinin üç iştirakçısıdır: ön xətdə döyüşən əsgər, təcili tibbi yardım maşını ilə yaralıları təxliyə edən sürücü və müharibə başlayan andan yaralıları qəbul edən həkim.

Ön xətdə döyüşən əsgər Əli Əhmədlidir. Könüllü şəkildə müharibəyə yollanıb. Müharibə zamanı bir çox dostu şəhid olan Əli bir güllə yarası belə almayıb. Ə.Əhmədli öz bağında hər bir şəhid dostunun adına ağac əkərək onların xatirəsini yaşadır.

Təcili tibbi yardım maşınının sürücüsü olan qəhrəman isə Əli Əsədovdur. Birinci Qarabağ müharibəsində Allahverdi Bağırovun dəstəsində döyüşlərdə iştirak edib. Vətən müharibəsinə könüllü olaraq təcilli tibbi yardım maşınının sürücüsü kimi qatılan Ə.Əsədov o yerlərə yaxşı bələd olduğu üçün müharibə zamanı bir çox insanın köməyinə çatıb.

Vətən müharibəsinin ilk yaralılarını qəbul edən həkim isə Nofəl Quliyevdir. Aprel döyüşlərindəki fəal iştirakından sonra Vətən  müharibəsi zamanı  Füzuli hospitalına çağırılıb və könüllü şəkildə döyüş bölgəsinə gedərək yaralılara yerində yardım göstərib.

Film beş çəkiliş günü ərzində poliqonda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və qəhrəmanların evlərində çəkilib.

“Qəhrəmanların səsi” sənədli filminin layihə rəhbəri Elçin Musaoğlu, ssenari müəllifləri Fərəc Süleymanov və Sevinc İsmayılovadır.

Film bu gün – 8 Noyabr – Zəfər Günündə saat 22:30-da AzTV-də yayımlanacaq.

CANLI YAYIM