6 noyabr Azərbaycanda Televiziya və Radio işçilərinin peşə bayramıdır

6 noyabr Azərbaycanda Televiziya və Radio işçilərinin peşə bayramıdır

6 Noyabr, 12:21 Sosial mediada paylaşın:

1926-cı il 6 noyabr tarixində Azərbaycanın ilk radiosu – Azərbaycan Radiosu ilk dəfə yayıma çıxıb. Hazırda 95 yaşını qeyd edən Azərbaycan Radiosunun yaranma günü ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilib.

Ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət sahəsində öz sözünü demiş şəxslər, ekspertlər Azərbaycan Televiziyasının 65, Azərbaycan Radiosunun isə 95 illik yubileyi münasibətilə hər iki media qurumuna təbriklər ünvanlayırlar.

Həmin təbriklərdən bir qismini təqdim edirik:

ASAN xidmət”in sədri Ülvi Mehdiyev:

“Son illər Azərbaycan Televiziyasında aparılan islahatlar öz bəhrəsini verir. AzTV dəqiq xəbərləri, fərqli proqramları, operativliyi və peşəkarlığı ilə seçilir.

Sizi Milli Televiziya və Radio Günü münasibətilə təbrik edir, “ASAN xidmət”in fəaliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirik”.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi:

“Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və müxbirlər müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb.

Bunlar, əlbəttə ki, təqdirəlayiq məqamlardır.

Peşə bayramınız mübarək!”

Xalq artisti Murad Adıgözəlzadə:

“Azərbaycan Televiziyasını və Mədəniyyət TV-ni hər zaman izləyirəm.

Kanallardakı dəyişikliklərin gündən-günə artdığını müşahidə etmişəm. Mənə görə, ən gözəl yayımlar məhz sizin kanallardadır. Bu çətin işdə sizə müvəffəqiyyətlər arzu edirəm!”

Xalq artisti Ənvər Sadıqov:

“Qaytağı” instumental ansamblının bədii rəhbəri olaraq doğma televiziyamızın bütün rəhbərliyini və əməkdaşlarını bu mötəbər bayramlarmünasibətilə təbrik edirəm. İşinizdə müvəffəqiyyətlər, uğurlar arzu edirəm.

Etdiyiniz bütün yeniliklər uğurlu olsun!”

Şair Nigar Həsənzadə

“Son illərdə Azərbaycan Televiziyası çox böyük dəyişiklik yolu keçdi. Bu dəyişikliklərbizim ürəyimizcə oldu. Nə yaxşı ki, varsınız!”

Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC cəmiyyəti ölkədə həyata keçirilən islahatlar haqqında məlumatlandırır, Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək istiqamətində fəaliyyətini davam etdirir və sülhün və milli birliyin gücləndirilməsinə öz önəmli töhfəsini verir.

Sizə Türkmənistan və Azərbaycan milli televiziyaları arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində göstərdiyiniz fəaliyyətə görə öz minnətdarlığımı bildirirəm”.

Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov

“Azərbaycan Televiziyası bu illər ərzində bir neçə nəslin ayrılmaz həyat tərzinə çevrilib. Hər zaman izləyicilərə maraqlı və gözoxşayan verilişlər təqdim edib.

Əminəm ki, hələ bundan sonra da neçə-neçə nəsillər bu televiziyanın rəngarəng verlişlərini maraqla izləyəcəklər”.

Xalq artisti Faiq Ağayev:

“Azərbaycanın ən qocaman televiziyası və radiosunun yubileyidir. Bu münasibətlə gözəl, mehriban kollektivi təbrik edirəm, davamlı naliyyətlər, uğurlar arzulayıram. Çox xoşdur ki, mən də Azərbaycan Televiziya və Radiosunun solistiyəm”.

Xalq artisti Azər Zeynalov:

“Bizi xalqa tanıdan Azərbaycan Televiziyası olub. Bu səbəbdən AzTV-ni hər zaman minnətdarlıq hissi ilə xatırlayıram.

Bu gün kanal öz qədim ənənələrinə sadiqdir. Verilişlərin yüksək səviyyədə hazırlanması tamaşaçılarda bədii-estetik zövqün inkişafına müsbət təsirini daim göstərir”.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə:

“Azərbaycan Televiziyası uzun illər mübahisələrə, müəyyən tənqidə, müzakirələrə səbəb olan TV kanalı idi. Son illərdə aparılan ciddi kadr islahatları, yeni proqramlar, verilişlər, filmlərin hazırlanması, gənc kadrların, gənc və fərqli baxışların önə keçirilməsi efirə və kanalın özünüifadəsinə böyük təsir göstərdi.

AzTV yenidən peşəkar TV kanalına çevrildi.

Bu gün Azərbaycan Televiziyasının repertuarında rəngarəng mövzular var. TV bu mövzuların hər birində tamaşaçı ilə, gənc nəsillə nəfəs alan və kreativ baxışlar ortaya qoyur”.

Tarix elmləri doktoru, professor Şahin Fazil:

“Azərbaycan Televiziyasının tarixi mövzularda verilişlərini bəyənirəm. TV-nin Azərbaycanın tarixi ilə bağlı bütün verilişləri bir tarixçi kimi məni həmişə maraqlandırır. Çünki həmin televerilişlərin tariximizin təbliğində olduqca böyük rolu var”.

Əməkdar artist Sənubər İsgəndərli:

“Azərbaycan Televiziyası uzun yol gəlib, uzun ömür sürüb. Bu illər ərzində uğuları da olub, uğursuzluqları da. Amma doğma televiziyamızın incəsənətə, teatra, sənətə, sənətkara verdiyi dəyər heç zaman dəyişməyib”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli:

“Televiziyaların rolu cəmiyyətin formalaşması və inkişafında danılmazdır. Bu baxımdan Azərbaycan Televiziyası son dövrlər fəaliyyəti ilə xüsusən seçilir. TV-nin gəncləri inkişafa, elmə, mütaliəyə səsləyən proqramları diqqət çəkir.

Milli dəyərlərimizi qoruyan və daim müasirliyə can atan ana televiziyamız və radiomuz yubileyini qeyd edir.

Sizə fəaliyyətinizdə daima yenilikçi olmağı arzu edirəm!”

Əməkdar incəsənət xadimi Ayaz Salayev:

“AzTV mənim doğma ocağımdır. Bir peşəkar kimi məhz AzTV də yetişmişəm. Oranın qapısından keçəndə belə o qədər xoş duyğular yaşayıram ki...

Son illər AzTV-də müsbət dəyişikliklər müşahidə edirəm, bu da məni sevindirməyə bilməz”.

Xalq yazıçısı Elçin Əfəndiyev:

“Vətən müharibəsi zamanı Azərbaycan Televiziyası daha da doğma kanala çevrildi. Ali Baş Komandanın,Prezident İlham Əliyevin çıxışlarını,bəyanatları,qələbə xəbərlərini məhz AzTV-dən izləyirdik. AzTV işini operativ,yüksək peşəkarlıqla qurmuşdu”.

“Birgə və sağlam” ictimai birliyinin təsisçisi Aytən Eynalova

AzTV son bir neçə ildə istər texniki baza, istər keyfiyyətli kadr cəhətdən çox inkişaf edib, inklüziv sahə, xüsusi qayğıya ehtiyacı olan insanlar, sosial mövzularahəsr olunmuş keyfiyyətli, kvalifikasiyalı proqramlar yaradan bir qurum halına çevrilib.

Ən önəmlisi isə odur ki, AzTV inkişafaaçıqdır, xarici televiziya məkanlarındakı yenilikləri, inkişafı izləyərək ölkəyə adaptasiya olunmasında rol oynayan qabaqcıl qurumlardan biridir”

Xalq artisti Mənsum İbrahimov:

“Azərbaycan Radiosunun 95, Televiziyasının 65 yaşı tamam olur.

Əziz kollektiv, peşəkar, fədakar insanlar, hər zaman sizdən gözəl xəbərlər eşitmişik. Ümid edirəm ki, bundan sonra da sizdən gözəl xəbərlər eşidəcəyik.

Peşə bayramınız mübarək olsun!”

Deputat Rəfael Hüseynov:

“Var olduğu artıq bir əsrə yaxınlaşan müddətdə Azərbaycan Radiosu xalqımız üçün ən böyük sinif otağı, ən məhrəm dost, ən etibarlı müəllim, ən maraqlı kitab olub. Nəsil-nəsil insan bu möcüzədən bəhrələnib, biliklər alıb, zövq tərbiyəsi görüb, özünü və dünyanı tanımaq vərdişləri qazanıb.

Azərbaycan Televiziya və Radiosu millətin səsidir. Arzumdur ki, bu millət səsi 65, 95-nə qədər olduğu kimi, bundan sonra da həmişə inamlı, gur səslənsin, həmişəki kimi ürəklərə yaxın olsun!”

Əməkdar jurnalist Qulu Məhərrəmli:

“95 yaşlıAzərbaycan Radiosu65ildir həm də Azərbaycan Televiziyası ilə yanaşı addımlayır. Bunlar paralel olaraq mədəniyyətimizin, ana dilimizin, milli-mədəni sərvətlərimizin təbliğində böyük rol oynayır.

İnternet meydana çıxsa, televiziya böyük bir auditoriyanı radionun əlindən alsa da, radionun öz sadiq dinləyiciləri, sabit auditoriyası var.

Bütün televiziya və radio işçilərini peşə bayramı münasibətilə təbrik edirəm!”

Xalq artisti Eyyub Yaqubov

“AzTV Azərbaycan televiziya məkanında bir fundamentdir. Bu fundament çox möhkəmdir və digər kanallar məhz bu fundament üzərində qurulub.

Bəzi şablonlar var ki artıq köhnəlib, onlardan qurtulmaq lazımdır. AzTV bu yolda doğru addımlar atır.

TV kanalları arasında aparıcı mədəniyyətinə, bədii dilin təmizliyinə görə AzTV bu gün də lider olaraq qalır”.

Deputat Anar İsgəndərov:

“44günlük müharibənin işıqlandırılmasında, qələbə xəbərlərinin xalqımıza, dünyaya çatdırılmasında AzTV nin xüsusi rolu oldu. Maraqlıdır ki, Azərbaycan Radiosunun 95, AzTV-nin isə 65 illik yubileyi məhz zəfər günləri ərəfəsinə təsadüf edib.

Əminəm ki, ana televiziya və radiomuz Azərbaycan həqiqətlərinin dünyaya bundan sonra da çatdırılmasında öz xidmətlərini göstərəcək”.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov

“Qalib Azərbaycanın səsini dünyaya çatdırmaq üçün Azərbaycan Televiziyasına və Radiosuna böyük yaradıcılıq uğurları arzulayırıq.

DOST Agentliyinin fəaliyyətinin işıqlandırılmasında, ölkəmizdə sosial siyasət sahəsində aparılan islahatlar barədə məlumatların vətəndaşlarımıza çatdırılmasında göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirik”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov

“Dövlətimizin, dövlətçiliyimizin təbliğində ana televiziyamızın rolu danılmazdır.95 yaşlı radiomuzu, ağ-qaradan mavi ekrana keçən 65 yaşlı televiziyamızı təbrik edir, çətin, məsuliyyətli peşə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Müasir, zəfərlərlə dolu Azərbaycanın xoş sədalarını efirinizdən eşitməyi diləyirik”.

Xalq artisti İlham Namiq Kamal:

“Bu gün Azərbaycan Televiziyası yenilikləri ilə nümunədir.Yeni layihələr,yeni studiyalar, yeni texnika - bütün bunlar AzTV-nin tamaşaçılara olan diqqəti,qayğısıdır.

Azərbaycan Televiziyası və Radiosu Azərbaycan dilinin şəffaflığını qoruyur,təbliğ edir.

Hər ikisi var olsun!”

Xalq artisti Oqtay Mirqasımov:

“Kino sahəsini seçməyiməilk impuls verən məhz Azərbaycan Televiziyası olub.Ona görə bu televiziya kanalına mənəvi bağlılığım var. AzTV daim inkişafdadır.Bu, hər kəsə örnək və ölçüdür.

AzTV xalqın televiziyasıdır”.

Xalq şairi Nəriman Həsənzadə:

“Azərbaycan Televiziyası vəRadiosu mənim üçün doğmadır, əzizdir.Bu gün elə bir mövzu,elə bir məsələ yoxdur ki, ana televiziya ona diqqət ayırmasın,işıqlandırmasın.Siyasətdən tutmuş sənətə kimi çox maraqlı verilişlər var.

Böyük məmnuniyyətlə verilişləri izləyirəm,radionu dinləyirəm”.

Bakı Dövlət Universitetinin dekanı Vüqar Əliyev:

“AzTV müasirlik və ənənəviliyin sintezini özündə əks etdirən bir məktəbdir.

AzTV ənələrinə sadiqdir və sevindirici haldır ki, Azərbaycan Televiziyası həm də novartoluğu ilə seçilir, tamaşaçıların zövqünü oxşayan, onları maarifləndirən baxımlı verilişlər təqdim edir”.

Xalq artisti Brilliant Dadaşova

“Doğma televiziya və radiomuzu yubiley münasibətilə təbrik edirəm.Neçə-neçə belə illərə çıxaq, maraqlı reportajlar, gözəl bəstələr, şeirlər bəxş edə bilək tamaşaçılarımıza.Mən televiziyamıza və radiomuza böyük bir tamaşaçı və dinləyici ordusu arzulayıram”.

Xalq artisti Cahangir Novruzov:

“Əziz Azərbaycan Televiziyası və Azərbaycan Radiosu!Biz ailə olaraq - Cahangir Zeynalovdan başlayaraq Nəsibə xanım və mən sizin tezliklərinizlə Azərbaycan tamaşaçısını çıxmışıq, tanınmışıq. Buna görəsizə təşəkkür edirik!

100 yaşa,1000 yaşa,Azərbaycan Televiziyası! Yeni yaşın mübarək!”

Xalq artisti Həmidə Ömərova:

“Həyatımın ən gözəl illəri AzTV ilə bağlıdır.Həmişə ana televiziyamıza örnək kimi baxmışıq,ən yaxşı nümunələri AzTV-dən götürmüşük,bəhrələnmişik.Buna görə də AzTV-nin bayramı hamımızın bayramıdır”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova:

“Hər birimizin ilk addımları Azərbaycan Televiziyasında olub.

Ana televiziyamızda bu günə kimi işləyən, illərini o ocağa həsr edən, gecəsini-gündüzünə qatıb əmək verən, əziyyət çəkən hər bir şəxsə sağlam yaradıcılıq ömrü arzu edirəm.

Ana televiziyamız həmişə birincidir, birinci olmaqda da davam edəcək və biz öz Azərbaycan Televiziyamızı çox sevirik”.

Təhsil üzrə ekspert Kamran Əsədov:

“Son iki ildə AzTV-də çox ciddi, müsbətə doğru dəyişikliklər baş verib.Bu dəyişikliklər təkcə çəkiliş studiyalarındakı dekorasiyalarla yekunlaşmır. AzTV verilişlərin məzmunu, bütün fikirlərə açıq olması, müxtəlif  baxışlara sahib insanları proqramlara cəlb etməyə qədər dəyişib.

Bu gün AzTV hər evdə 7/24 izlənilən, ən baxımlı kanala çevrilib.Səhər AzTV-nin ekranı qarşısında oturan şəxsin başı bir-birindən maraqlı xəbərlərə, verilişlərə qarışır, bir də günorta saatlarının olduğunu görürsən.

Azərbaycan tamaşaçısı ən operativ xəbəri AzTV-dən alır.

Ən doğru təhlilləri AZTV-nin efirində ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə eşidir”.

Bakı Slavyan Universitetinin rektor əvəzi Anar Nağıyev

“Ölkəmizin davamlı inkişafına daima şahidlik etmiş AzTV zəfər müjdəsini də xalqımıza birinci çatdırdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxış və təbriklərini birbaşa işıqlandırmaq şərəfinə sahib oldu, bu qürurvericidir.

Sizə zəngin multikultural dəyərlərə sahib ölkəmizin inkişafının hər məqamına şahidlik etməyi və işıqlandırmağı arzu edir, peşəkar fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm”.

Xalq artisti Fərhad Bədəlbəyli:
Azərbaycan Televiziyası mənim üçün doğma bir məkandır. Neçə illərdir bizim bütün fəaliyyətimiz burda işıqlandırılıb, həmişə bu yaradıcı kollektivin diqqət mərkəzində olmuşuq. Azərbaycan Televiziyasını da, Radiosunu da doğma ev kimi qəbul edirəm. Ən xoşbəxt günlərim AzTV ilə keçib. Şuşanın azad edilməsi xəbərini mən bu kanalın efirindən eşitdim. Onu bizim cənab Prezidentimiz təqdim etdi. Və bu xəbəri eşitdiyim gün heç vaxt yadımdan çıxmaz.
Ən yaxın dostum Rafiq Hüseynov burda çalışırdı. O, SSRİ-nin ən gözəl diktorlarından biri idi. Onu da deyim ki, indi də AzTV-nin yaxşı gənc diktorları var. Bu yubiley günlərində mən bütün televiziya və radio əməkdaşlarını təbrik edirəm.

Akademik İradə Hüseynova:
AzTV artıq 65 ildir ki, xalqımızın xidmətindədir. O, öz tarixi boyu mənəvi dəyərlərin keşiyində durmuş, gənc nəsillərin vətənpərvərlik tərbiyəsində önəmli rol oynamışdır. Milli televiziyamız xalqımızın danışan dili, görən gözü olub. 65 yaşlı Azərbaycan Televiziyası ölkəmizin bir nömrəli kanalı olmağa davam edir. O, texniki baxımdan da yüksək səviyyədədir. Onun yüksək hazırlıqlı əməkdaşları, jurnalist kollektivi daim inkişafda və yenilik axtarışındadır.

Filologiya elmləri doktoru Məhərrəm Qasımlı:
Azərbaycan Televiziyası xalqımızın, dövlətimizin ana televiziyasıdır. Burada səslənən hər bir fikir, hər bir düşüncə, irəli sürülən bütün ideyalar xalqımızın, dövlətimizin, millətimizin bu gününü və gələcəyini işıqlandırmaq məqsədi daşıyır. Bu mənada, ana televiziyamızın dünənki uğurları öz yerində, amma bu gün yeniləşmək istiqamətində görülən çox maraqlı işləri var. Folklora, etnoqrafiyaya, mədəniyyətimizin ən müxtəlif sahələrinə - xalq musiqisinə, muğam və aşıq sənətinə həsr olunmuş verilişlər öz yeniliyi ilə seçilir. Geniş aspektdə gedən həm Azərbaycan tarixini, həm Azərbaycan dilini, həm də Azərbaycan ruhunu təqdim edən verilişlər olduqca yerində və gözəldir.

Xalq artisti Ramiz Quliyev:
44 günlük Vətən müharibəsində AzTV işçiləri də səfərbər oldular, döyüşlərdə baş verən hadisələri, əsgər və zabitlərimizin qəhrəmanlığını, ordumuzun zəfərlərini xalqımıza çatdırdılar. Mən əziz xalqıma, ölkəmə onun nailiyyətlərini təbliğ edən, cəmiyyətə operativ olaraq məlumat çatdıran televiziya işçilərinə xoş arzularımı bildirirəm, uğurlar diləyirəm.

Yazıçı İntiqam Qasımzadə:
Son illər Azərbaycan Televiziyası öz verilişlərinin keyfiyyətini xeyli artırıb. AzTV artıq dünyanın ən qabaqcıl televiziyalarının səviyyələri cərgəsinə çıxmağa layiq verilişlər hazırlayır və bu, məni ürəkdən sevindirir. Çünki mən özüm də vaxtilə Azərbaycan Televiziyasında 14 il “Bayatı” adlı müəllif verilişi aparmışam. Baxmayaraq ki, indi orda çalışmıram, ancaq mən heç vaxt özümü Azərbaycan Televiziyasından ayırmıram. Böyük məmnuniyyətlə tez-tez çox sevdiyim bu televiziyanın qonağı oluram. 65 yaşınız mübarək, əziz dostlar!

Filologiya elmləri doktoru Qəzənfər Paşayev:
Azərbaycan Televiziyası son vaxtlar ən baxımlı televiziya kanalına çevrilib. “Əsas məsələ”, “Canlı ovqat”, “Yadigarlar”, “HƏFTƏ” və şəhidlərimizə, qazilərimizə həsr olunmuş verilişlərə hamı maraqla baxır. “HƏFTƏ” verilişini mən xüsusilə vurğulamaq istəyirəm. Baxıram ki, necə gözəl kadrlar yetişib, xüsusən də, siyasi icmalçılarımız. Adam onlara baxıb fəxr edir. Azərbaycan Televiziyasının çox böyük üstünlükləri var. Bu kanalda iqtidar-müxalifət problemi yoxdur, hamıya yer verilir. Arzu edirəm ki, bu kollektiv qazandığı uğurları davam etdirsin.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov:
Azərbaycan hər istiqamətdə inkişaf edir. Təbii ki, Azərbaycan Televiziyası da bu inkişafla qoşa addımlayır. Burda baş verən dəyişikliklər göz qabağındadır. Bu kanal xüsusən, 44 günlük Vətən müharibəsində cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumatların operativ şəkildə çatdırılması və bu müharibə günlərində xalqın ruh yüksəkliyini qaldıran proqramları ilə yadda qaldı. Böyük qələbəmizdən keçən bir il ərzində bu tarixi zəfərimizin nəticələrinin yüksək səviyyədə işıqlandırılması, döyüşçülərimizlə bağlı hazırlanan verilişlər bir tamaşaçı kimi, bir zabit kimi mənim ürəyimcədir.

Tarix elmləri doktoru Musa Qasımlı:
Azərbaycan Televiziyası millətimizin maariflənməsində, mədəniyyətinin inkişafında, elm və təhsilində müstəsna rol oynayır. Bu gün o, öz proqramlarının səviyyəsi ilə seçilir və bir örnək halına gəlib. Bu televiziyada ən çox bəyəndiyim milli ruhlu verilişlərdir, qədim dövlətçilik ənənəsinə malik olduğumuzun nümayiş etdirilməsidir. Hərbi-vətənpərvərlik mövzuları xüsusən maraqlıdır. Təbii ki, bütün bunların hamısı öz-özünə başa gəlmir. Bu proqramları hazırlayan, cəmiyyətimizə çatdıran bəlli bir komanda var. Onlara bu böyük və əhəmiyyətli işlərində uğurlar arzulayıram.

Yazıçı İlqar Fəhmi:
AzTV son illər ölkə teleməkanının lideri, lokomotivi olub. Son illərdə Azərbaycan Televiziyasının fəaliyyəti daha da genişlənib, daha aktiv, daha dinamik şəklə gəlib çatıb. AzTV daha da müasirləşib, dövrün nəbzini daha sürətlə tutur. Bu baxımdan, Azərbaycan Televiziyasının uğurları hamımızı sevindirir. Mən AzTV-nin bütün kollektivini təbrik edirəm. Əslində bu təbrik bütün xalqımıza aiddir. Çünki bu televiziya bütün xalqımızın və dövlətimizindir.

 

CANLI YAYIM