Gəncədə möhtəşəm avtoşou və “Volkicar”ların həyəcan dolu mübarizəsi - VİDEO

Gəncədə möhtəşəm avtoşou və “Volkicar”ların həyəcan dolu mübarizəsi - VİDEO

30 Sentyabr, 16:24 Sosial mediada paylaşın:

Gəncədə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlarla, maraqlı tryuklarla yadda qalıb.

Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunan “V1 Challenge Gəncə” idman avtomobillərinin yarışı və şousu tanınmış pilotlar - drift üzrə Almaniya çempionu Sebastian Fonteyn və  “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçardsın möhtəşəm şouları ilə başladı.

“Drift GP International” promouteri Nayl Qan avtoidman sahəsində ölkəmizin uğurlarını dilə gətirir: “İlk dəfə ötən ilin oktyabrında Azərbaycanda olmuşam və gənc pilotlara drift təlimləri keçmişəm. Son bir ili müqayisə etdikdə ölkənizin avtoidman sahəsindəki böyük nailiyyətlərini görmək mümkündür. Belə ki, ötən il dərs keçdiyimiz pilotlar hazırda daha peşəkardırlar. Həmçinin drift avtomillərinin sayı da xeyli artıb. Hazırda yarışa böyük maraq var. Avtoidmana bu cür münasibət peşəkar pilot kimi məni çox sevindirir. Yüksək təşkilatçılığa və dəvətə görə minnətdarlığımı bildirirəm”.

Drift üzrə Almaniya çempionu  Sebastian Fontiyn azərbaycanlı gənc pilotların perspektivlərinə inanır: “Azərbaycanda ilk dəfə ötən il olmuşam. O zaman mən və yoldaşlarım azərbaycanlı gənc pilotlar üçün drift təlimlər keçmişdik. Həmin il yalnız 4-5 drift avtomobil var idisə, bu gün onların sayı 12-yə çatıb. Pilotların peşəkarlığı da yüksəlib. Əminəm ki, hazırkı pilotlar daha çox səy göstərərək, özlərinin drift üzrə bacarıqlarını təkmilləşdirə bilərlər. Bununla da həmin gənclər yaxın gələcəkdə Avropada Azərbaycanı təmsil edə biləcəklər.”

“Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards bu cür yarışların idmana marağın artırılmasındakı rolunu qeyd edir: “İlk dəfədir ki, Azərbaycandayam. Çox şadam ki, Gəncədəyəm. Bu şəhərdə ilk dəfə keçirilən idman avtomobillərinin yarışına və şouya böyük həvəs var. Xüsusən gənclərin avtoidmana olan həvəsi məni daha çox sevindirir. Əminəm ki, bu gündən sonra ölkənizdə driftə daha çox maraq yaranacaq.”

Sonra yerli drift və “Volkicar” pilotları çıxış ediblər. Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.

Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb. Sonra “Volkicar” avtomobillərinin yarışına start verilib. 

“V1 Challenge Gəncə”  “Volkicar” avtomobillərinin yarışında  iki qrupa halında  12  yerli pilot mübarizə aparıb. Hər qrupda ilk 3 yeri tutan pilotlar final mərhələsində mübarizə aparıblar.

Beləliklə, birinci yeri Fərid Məmmədov, ikinci yeri Azad Hüseynov, üçüncü yeri isə Mətin Orucov tutub.

Drift yarışları üzrə isə pilotlar Elvin Xudaverdiyev birinci yerin, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olub. 

Bu gündən Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu cür yarışlar və təlimlərin təşkilində məqsəd ölkə ərazisində avtomobil idmanının inkişafı və təşviqi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması və möhkəmləndirilməsinə dəstək, vətəndaşların, xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsi, avtomobil turizminin təşviqi və inkişafına dəstək olmaqdır.

 

 

CANLI YAYIM