Moskvada koronavirusa yoluxma kəskin artıb - Qeyri-iş günləri elan edildi

Moskvada koronavirusa yoluxma kəskin artıb - Qeyri-iş günləri elan edildi

28 Oktyabr, 15:31 Sosial mediada paylaşın:

Dünyada indiyədək yeni növ koronavirus aşkarlanan insanların sayı 245 milyon 900 mini ötüb. Rəsmi statistikalara əsasən, yoluxanların 4 milyon 990 mindən çoxu bu infeksiyanın qurbanı olub. Yoluxmaların artması ilə əlaqədar Moskvada qeyri-iş günləri elan edilib.

Rusiyada pandemiya dövrünün ən yüksək günlük yoluxma və tələfat sayı qeydə alınıb. Son sutkada 40 min 96 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb. 1159 nəfər xəstəlikdən dünyasını dəyişib.

Moskva epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar bu gündən etibarən qapanma rejiminə keçib. Noyabrın 7-nə qədər Rusiya paytaxtında qeyri-iş günləri elan edilib. Şəhərdə bütün müəssisələr bağlanıb. Xidmət sektoruna gəldikdə isə yalnız ərzaq mağazaları və apteklər açıqdır. Kafe və restoranlar isə çatdırılma vasitəsilə işləyə bilərlər. Məktəblər və uşaq bağçalarında tətil elan edilib. Ali təhsil müəssisələri isə distant tədris rejiminə keçib. Qeyri-iş günlərində paytaxtda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Bununla belə Moskvada vaksinasiya məntəqələri adi qaydada işinə davam edəcək.

Vaksinasiyadan söz düşmüşkən, Avropa Dərman Vasitələri Agentliyi ilin sonuna qədər BioNTech/Pfizer preparatının 5-11 yaş arası uşaqlarda tətbiqinə icazə verə bilər. Dekabra qədər  sözügedən peyvəndin bu yaş qrupuna aid uşaqlarda effektivliyi və təhlükəsizliyi araşdırılacaq. Bu barədə agentliyin rəsmiləri məlumat yayıb.

CANLI YAYIM