Slovakiya işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq prosesində iştirakda maraqlıdır

Slovakiya işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq prosesində iştirakda maraqlıdır

19 Oktyabr, 16:09 Sosial mediada paylaşın:

Oktyabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndirərək, ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib. İki ölkə arasında əməkdaşlığın bir çox sahələrdə inkişafı potensialı vurğulanıb. Hər iki ölkənin münasibətlərinin əsasında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin dayandığı bir daha vurğulanıb.

Nazir Ceyhun Bayramov ikitərəfli iqtisadi münasibətlərin inkişafının əhəmiyyətini və bu sahədə mövcud olan potensialı qeyd edərək, cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığa dair Sazişin imzalanmasının, habelə biznes forumun keçirilməsinin iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən İvan Korçok Azərbaycan Respublikasının Prezidenti ilə görüşə və aparılan müzakirələrə məmnunluqla istinad edib. Ərazi bütövlüyünə hörmət prinsipinin Slovakiya üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına təkan verdiyini söyləyən nazir bu xüsusda Azərbaycan Milli Məclisinin sədrinin Slovakiyaya səfərini qeyd edib. Nazir Korçok iqtisadi münasibətlərin inkişafı potensialını vurğulayıb, bu istiqamətdə birgə səylərin və konkret tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini bildirib. O, ölkəsinin Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq prosesində iştirakı marağını ifadə edib.

Nazir Ceyhun Bayramov slovakiyalı həmkarına bölgədə mövcud olan son vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Slovakiyadan sifariş əsasında alınacaq minatəmizləmə maşınlarının ilk hissəsinin yaxın zamanda Azərbaycana gətiriləcəyi qeyd olunub. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi və mina təhlükəsinin insanların həyatına birbaşa təhdid doğurmaqda davam etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Slovakiyalı nazir, həmçinin dost və tərəfdaş ölkələrin iştirakı ilə minatəmizləmə işlərinin sürətlə davam etdirildiyi barədə məlumatlandırılıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

CANLI YAYIM