Azərbaycanın qələbəsi dünya mediasında

Azərbaycanın qələbəsi dünya mediasında

29 Sentyabr, 12:50 Sosial mediada paylaşın:

Vətən müharibəsinin ildönümü ilə əlaqədar dünya mediyasında silsilə reportajlar və yazılar yayımlanır. Materiallarda Azəbaycanın parlaq qələbəsindən və regionda yaranan yeni reallıqlardan bəhs edilir. 

Ukraynanın nüfuzlu “5 kanal” televiziyası 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı xüsusi reportaj yayımlayıb. Reportajda jurnalist Vətən müharibəsinin ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətinə toxunub. Qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı və birinci xanımının iştirakı ilə anım yürüşü keçirilib. Reportajda Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı uğurlar faktlarla bir daha xatırlanıb.

Avropa İttifaqının “Еureporter” nüfuzlu informasiya və analitik nəşrində “44 günlük müharibə bölgənin geosiyasi mənzərəsini dəyişib” adlı məqalə dərc edilib. Məşhur politoloq Kolin Stivensin yazısında qeyd edilir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək Cənubi Qafqazda sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı.

Bildirilir ki,  Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpası və bölgədəki bütün infrastrukturun inkişafı üzrə genişmiqyaslı proqrama start verib. Yazıda Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunulur. 

Yaponiyanın nüfuzlu “JIJI Press” agentliyi də Azərbaycanın böyük qələbəsi ilə başa çatan Vətən müharibəsinin ildönümünə həsr edilən məqalə yayıb. Yazıda ötən il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başladığı və noyabrın əvvəllərində başa çatdığı xatırlanır. Diqqətə çatdırılır ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Ermənistan tərəfindən təqribən 30 il əvvəl işğal olunan ərazilərini azad edib. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də etdiyi çıxışdan sitat da gətirilir.

CANLI YAYIM