Polşada müharibəyə həsr olunmuş “Biz” filminin premyerası olub

Polşada müharibəyə həsr olunmuş “Biz” filminin premyerası olub

29 Sentyabr, 12:39 Sosial mediada paylaşın:

Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə paytaxt Varşavada “Biz” sənədli filminin təqdimatı olub. Mərasimdə diplomatik korpus rəsmiləri, diaspor nümayəndələrimiz, polşalı qonaqlar, tələbələr və media mənsubları iştirak ediblər.

Səfir Nərgiz Qurbanova gecənin Vətən müharibəsi şəhidlərinin xatirəsinə ithaf edildiyini deyib. Diplomat Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn filmin də məhz Azərbaycan xalqının vətən sevgisinə, şücaətinə həsr olunduğunu bildirib. Milli Məclisin üzvü Kamran Bayramov Azərbaycan dövlətinin gücü və əzmi sayəsində Qarabağ münaqişəsinin sonlandığını, bölgədə ədalətin bərpa edildiyini qeyd edib.

Qonaqlar “Biz” filminə baxıblar. Soydaşlarımız tarixi günlə bağlı hiss və həyəcanlarını bölüşüblər.

Tədbirin polşalı iştirakçısı Evelina Zaluska ötən il müharibəni günbəgün izlədiyini deyib: “Gedişatı, orada baş verənlərin mahiyətini yaxşı bilirəm. Bu filmi izləməklə sanki yaddaşımı yenilədim. Bir daha düşündüm ki, müharibə necə ağrılı bir hadisədir. İnsanların kədərini, həyəcanını qəlbimdə duyuram. Həm də çox şadam ki, döyüşlər Azərbaycanın qələbəsi ilə başa çatdı”.

Karolina Trzaska isə müharibənin nəticəsinin ədalətli oduğuna diqqət çəkib: “Filmi izləyib emosiyalara qapılmamaq mümkün deyil. Doğmalarını itirən insanlar, dağıdılan evlər və ən dəhşətlisi - körpələr. Müharibə həqiqətən dəhşətlidir. Nə yaxşı ki, nəticə ədalətli oldu, azərbaycanlılar doğma yurdlarına qayıtdılar”.

Varşavada 27 sentyabr - Anım Gününə həsr olunan xatirə guşəsi yaradılıb. Məlumat lövhələrində qəhrəmanlarımız tanıdılır.

Amal Alışarlı

Azərbaycan Televiziyasının Şərqi Avropa bürosu

CANLI YAYIM