Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkalara güzəştli kreditlər verilib - VİDEO

26 Sentyabr, 23:07 Sosial mediada paylaşın:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 26-da Ağdam rayonunda keçirdiyi işgüzar forumda Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 21 sahibkara 1,9 milyon manatdan çox güzəştli kredit verilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, bağçılıq, çörək istehsalı və sair sahələrin inkişafına yönəldiləcək, 50-dək yeni iş yerinin açılmasına imkan yaranacaq.

İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan pambıqçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, onlara dövlətin güzəştli kreditlərinin verilməsi Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətində əsas prioritetlərdəndir.

Nazir müavini bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 116,4 milyon manatadək güzəştli kredit verildiyini, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılmasının 3800-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını bildirib. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 44,6 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Ağdam rayonunda dövlətin güzəştli krediti ayrılan heyvandarlıq kompleksinə baxış keçirilib.