AzTV-nin əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda

AzTV-nin əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda

12 İyul, 12:09 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin növbəti buraxılışı Zəngilan rayonunun ərazisindən axan Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsinə həsr edilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, televiziyanın çəkiliş qrupu “Əsas məsələ” verilişinin növbəti buraxılışını hazırlamaq üçün kameralarını yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi zonasında - Zəngilan rayonunun ərazisindən axan Oxçuçayın sahılində qurub.

Verilişin qonaqları ETSN-nin şöbə müdirinin müavini Raqub Mirzəyev, professor Fərda İmanov və ekoloq Samir İsayev Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilən Oxçuçayın indiki vəziyyəti ətrafında müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki,  Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən  uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənib ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənib və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir.

Oxçuçayın zəhərli sularının gələcəkdə Xudafərin su anbarına tökülməsi də bu günün ən aktual mövzularındandır.

Yuxarıda qaldırılan problemlər ətrafında müzakirələri 12 iyul saat 22:00-da Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində Tofiq Abbasovun təqdimatında izləməyi unutmayın!

CANLI YAYIM