Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb.
İlkin ehtimallara görə, C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.
Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunub, məhz dron çəkilişləri vasitəsilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.
Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.