Ölkələr sərhədlərini peyvənd olunmuş şəxslər üçün açır

Ölkələr sərhədlərini peyvənd olunmuş şəxslər üçün açır

7 İyun, 11:50 Sosial mediada paylaşın:

Dünyada yeni növ koronavirus diaqnozu qoyulan insanların sayı 174 milyonu ötüb.

Rəsmi statistikaya əsasən, pandemiya qurbanlarının sayı 3 milyon 744 mindən yuxarıdır. Pandemiya ilə əlaqədar məhdudiyyətləri yumşaldan ölkələrin sayı getdikcə artır. 100 sabiq Prezident, baş nazir və xarici işlər naziri “Böyük yeddilik” ölkələrini bütün dünyada koronavirus əleyhinə vaksinasiyanı maliyyələşdirməyə çağırıb.

İspaniya bu gündən peyvənd olunmuş şəxslər üçün ölkə sərhədlərini açır. Koronavirus əleyhinə vaksin vurdurmuş şəxslər hansı ölkədən gəlməyindən asılı olmayaraq krallıq ərazisinə daxil ola biləcəklər. Müxtəlif ölkələrin kruiz gəmilərinə İspaniya limanlarına yan almağa icazə veriləcək. Hökumət bu il İspaniyaya 45 milyon turistin gələcəyinə ümid edir. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkəyə 83,5 milyon turist gəlib. Ötən il bu göstərici 77% azalıb.

Mərakeş isə iyunun 15-dən etibarən aeroport və limanları beynəlxalq sərnişindaşıma üçün açır. COVID-19 əleyhinə peyvənd olunmuş və ya testin nəticəsi neqativ çıxmış şəxslər ölkə ərazisinə daxil ola biləcəklər. Yoluxma sayı yüksək olan ölkələrdən, eləcə də statistik məlumatları şübhə doğuran dövlətlərdən gələnlər neqativ test nəticəsi ilə yanaşı xüsusi icazə sənədi də təqdim etməli olacaqlar.

Bu arada, 100 sabiq Prezident, baş nazir və xarici işlər naziri “Böyük yeddilik” ölkələrini bütün dünyada koronavirus əleyhinə vaksinasiyanı maliyyələşdirməyə çağırıb. Onların ünvanladığı məktubda deyilir ki, “Böyük yeddilik” və “Böyük iyirmiliyin” dəstəyi aşağı və orta gəlirli ölkələr üçün vaksinləri əlçatan edə bilər. Hesablamalara görə, “Böyük yeddilik” ölkələri və sammitə dəvət olunan digər dövlətlər 2 il ərzində pandemiya ilə mübarizə məqsədilə ildə 30 milyard dollar vəsaitin ayrılmasını təmin etməlidirlər.

CANLI YAYIM