Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair protokol imzalanıb

Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair protokol imzalanıb

7 May, 12:11 Sosial mediada paylaşın:

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

ADY-dən verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkələrimiz arasında dəmir yolu sahəsində mövcud əməkdaşlıq əlaqələrinin perspektivindən danışıb.

Cəmiyyət sədri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarda əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “Şimal-Cənub” və “Cənub-Qərb” dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələrin fəaliyyətinin gücləndirilməsində məqsəd iştirakçı ölkələrin tranzit potensialının artırılmasıdır.

“Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradze əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün imkanlardan söhbət açıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının qlobal səciyyə daşıdığını bildirən qonaq bu layihənin regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfə olduğunu diqqətə çatdırıb.

Görüşdə bu marşrutun gələcəkdə inkişaf istiqamətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb olunması məqsədilə görülən işlər barədə məlumat verilib. Qarşılıqlı maraq kəsb edən məsələlər, TransXəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Sonra hər iki ölkənin dəmir yolları rəhbərləri arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.
 
 

CANLI YAYIM