“Zəfər yolu”ndan xəbər var

“Zəfər yolu”ndan xəbər var

15 Aprel, 13:10 Sosial mediada paylaşın:

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu” genişləndirilərək inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunun.

“Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. 

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0,6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

“Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

 

CANLI YAYIM