“Tezliklə tanklarmız Bakı küçələrində olacaq” deyənlərə gözdağı! - ŞƏRH

“Tezliklə tanklarmız Bakı küçələrində olacaq” deyənlərə gözdağı! - ŞƏRH

13 Aprel, 14:18 Sosial mediada paylaşın:

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazanılan qələbənin rəmzinə çevrilən bütün atributlar gələcək nəsillərə ötürüləcək. Paytaxtın gözəl guşələrindən birində açılışı qeyd edilən Hərbi Qənimətlər Parkı təkcə erməni işğalçıları üzərindəki zəfərin mahiyyətini dünya ictimaiyyətinə çatdırmır, eyni zamanda böyük ənənələri olan bir xalqın iradəsini, qalibiyyət ruhunu qırmağın mümkün olmadığını nümayiş etdirir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı 2-ci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi-memarlıq və qəhrəmanlıq kompleksi kimi yaddaşlarda qalacaq. Çünki məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyinin nişanələri öz əksini tapır. “Məğlubedilməz erməni ordusu”na aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı kompleksdə həmçinin:

-KUB zenit-raket kompleksi;

-150-dək ağır texnika;

-“T-72” tankları;

-piyadaların döyüş maşınları;

-2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu;

-“Osa” zenit-raket kompleksi və digər eksponatlar da yer alır. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın neçə müddətdir ki, antiazərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İsgəndər-M” tipli raket sisteminin qalıqlarının nümayişi qüdrətli ordumuzun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha sübuta yetirir.  

Hərbi Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir, öz ordusu haqqında mif yaradan Ermənistanın təcavüzkar siyasəti və faşist ideologiyasının darmadağın edilməsində bu tarixi zəfərin mahiyyətinə aydınlıq gətirir.

Hərbi Qənimətlər Parkında qarşı tərəfin möhkəmləndirilmiş müdafiə mövqeyini, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazi, o cümlədən:  

-5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək;

-mina sahəsi;

-tank əleyhinə beton dirəklər və metal kirpilər;

-alçaq dirəklər üzərində tikanlı məftildən tor;

-hündür dirəklərdə məftilli tor;

-piyada əleyhinə mina sahəsi;

-az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri;

-səngər üzərində lent tipli məftil maneələr bir daha təsdiq edir ki, bu gün yalançı sülhpərvər obrazında görünməyə səy göstərən Ermənistan hakimiyyəti, əslində, həmin istehkamlar və keçilməz sədlər vasitəsilə nəinki əraziləri azad etmək niyyətində deyilmiş, üstəlik Azərbaycanın yeni ərazilərini işğal etmək planları qururmuş. İşğalçının bütün məkrli niyyətlərinin qarşısını isə gənc nəslin vətənpərvərlik ruhu, Prezident, ordu və xalqın bir amal ətrafında birləşməsi faktoru aldı.

Tarix nəticə çıxarmaq üçün böyük məktəbdir. Ermənistan 44 günlük müharibədə üzləşdiyi ağır məğlubiyyətin səbəblərini təhlil etməli və düzgün qənaətlərə gəlməlidir. Anlamalıdır ki, müasir dünyada haqqı tapdalamaq, başqa xalqın ərazisini, mədəni sərvətlərini talamaq, üstün mədəniyyətə sahib xalqın nümayəndələrini aşağılamaq mümkün deyil. Erməni dığaları başa düşməlidirlər ki, onların qarşısında böyük ənənələri, minlərlə qəhrəmanlıq səhifəsi olan bir xalq, bir dövlət və bu dövlətin qüdrətli sərkərdəsi dayanır. Belə bir xalqa həqarət etmək sadəcə həqarət edənə yeni müsibətlər gətirə bilər.

Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və bütün müsəlman, həmçinin dost ölkələr üçün qürur yeri olduğu halda, ermənilər üçün göz dağına çevrilir. Müharibəöncəsi “tezliklə tanklarmız Bakı küçələrində olacaq” deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın istifadəyə verilməsini erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliy”i barədə müraciət ünvanlayacaqlarını bildirir.

Ancaq çox gecdir, düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi... Görmədi, amma bundan sonra əbədi olaraq görmək məcburiyyətində qalacaq. Çünki Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşən ermənilər üçün kabusa, bütün azərbaycansevərlər üçün isə fəxarət məkanına çevriləcək.

Malik Həsənov

 

 

CANLI YAYIM