Növbəti ildən pambıq əkinində əsasən yerli çiyidlərdən istifadə ediləcək. Yerli sort pambıq çiyidləri tez yetişdiyindən məhsulu vaxtında payız yağışları başlamamış toplamaq mümkün olacaq. Yerli sortlar Salyanda fermerlərə nümayiş olunub.
Yunan texnologiyası ilə əkilən 4 yerli, 8 xarici pambıq sortu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təcrübə sahəsində bu sortlar fermerlərə nümayiş etdirilib. Fermerlər bir məkanda eyni texnologiya ilə iki ildir becərilən yerli və xarici pambıq sortlarının özəl keyfiyyətlərini əyani olaraq görə və fərqlərini ayırd edə biliblər. Belə ki, yerli pambıq sortları daha yaxşı inkişaf edib və məhsuldarlıqları daha yüksəkdir.
Aparılan sınağın ilk nəticələrini ərazidə müşahidə apararkən də aydın şəkildə görmək mümkündür. İlkin olaraq görünən odur ki, yerli pambıq sortu daha yaxşı inkişaf edib və üzərindəki bar qozalarının sayı digərindən daha çoxdur.
Bundan əlavə, pambıq sortları üzərində elmi araşdırma aparan alimlərin qənaətinə görə, rayonlaşdırılan yerli pambıq sortları torpaq iqlim şəraitinə tez uyğunlaşır. Ən əsası, xarici pambıq sortları ilə müqayisədə yerli sortların vegetasiya müddəti azdır. Nəticədə pambıq tez, hələ yağışlar başlamamış yığılır. Həmin sahədə isə təkrar əkin aparmağa şərait yaranır. Bu da öz növbəsində torpaqdan səmərəli istifadə ilə yanaşı fermerə əlavə qazanc gətirir. Yerli pambıq sortlarının bu üstünlükləri Yunanıstandan olan mütəxəssislərlə birgə öyrənilib.
Əli Novruzov (Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin baş aqranomu):
- Ayrı-ayrı sortlar üzərində müşahidələr aparıblar və onlar özləridə etiraf etdi ki, bunların sortları ilə bərabər bizim yerli alimlərimizin yetişdirdiyi Gəncə 182 sortu daha məhsuldardır.
İndiyədək 13 rayonlaşdırılmış pambıq sortu əldə olunub. Bunun da 9-u daha perspektivli olduğunda növbəti ildən fərdi təsərrüfatlarda əkininə başlanılacaq. Bu məqsədlə 100 ton elit, 500 ton birinci repreduksiyalı çiyid istehsal olunacaq. Mütəxəsisslər ayrı-ayrı sortların ərazilər üzrə bölgüsünü də müəyyənləşdiriblər.
Ələddin Tağıyev (seleksiyaçı alim):
- Məsələn, Salyan, Muğan zonası üçün Gəncə-110 sortu daha münasibdir. 45-46 sentener məhsul verir. Beyləqan rayonuna Gəncə 114 sortu daha uyğundur. Qərb zonası üçün Gəncə-60 pambıq sortu əlverişlidir.
Pambıqçılıqda mütərəqqi üsullardan olan ozonlaşma texnologiyası ilə pambıq bitkisinin becərilməsi də uğurlu nəticə verib. Ənənəvi üsulla əkilən yerlərlə müqayisədə ozonlaşdırılan sahələrdə məhsuldarlıq 30% yüksək olub.