Dünyada vaksin böhranı yaşanır

Dünyada vaksin böhranı yaşanır

22 Fevral, 10:49 Sosial mediada paylaşın:

Son sutka ərzində dünyada koronavirusa 360 minə yaxın yeni yoluxma faktı qeydə alınıb. 9 mindən çox COVID-19 xəstəsi vəfat edib. Afrikada vaksinasiya tempinin aşağı olması ciddi narahatlıq doğurur. Slovakiyada isə Rusiya istehsalı olan “Sputnik V” vaksini hökumətdə fikir ayrılıqlarına səbəb olub.

İndiyədək dünyada koronavirusa qarşı 200 milyon doza müxtəlif vaksinlərdən istifadə olunub. Onların 45%-i “Böyük yeddilik” ölkələrinin payına düşür. Bu dozaların 92%-i adambaşına düşən gəlir səviyyəsi yüksək olan ölkələrin vətəndaşlarına vurulub. Afrikada isə peyvəndləmə tempi çox aşağıdır. Qitənin əksər ölkələrində vaksinasiya ümumiyyətlə başlamayıb. Dünya Səhiyyə Təşkilatının Afrika ölkələri üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, bəzi ölkələrdə risk qrupunda olmayan şəxslər peyvənd olunduğu halda, Afrikada insanlar vaksin gözləmək məcburiyyətindədirlər. Qurum rəsmisi bunu ədalətsizlik adlandırıb.

Peyvəndlərdən söz düşmüşkən, “Sputnik V” vaksininin komponentinin “Moderna” və “BioNTech/Pfizer” şirkətlərinin preparatlarına əlavə olunması koronavirusun mutasiyalarına qarşı daha effektiv mübarizə aparmağa kömək edəcək. Bu açıqlama ilə Rusiya birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev çıxış edib. Onun sözlərinə görə, yalnız birgə fəaliyyət sayəsində effektivliyə nail olmaq mümkündür.

Slovakiyada Rusiya istehsalı olan “Sputnik V” vaksini hökumətdə fikir ayrılıqlarına səbəb olub. Baş nazir İqor Matoviç Nazirlər Kabinetindəki həmkarlarını bu preparatın alınması məsələsini qısa zamanda həll etməyə çağırıb. Hökumətin iclasında Slovakiya Baş nazirinin müavini “Sputnik V”nin alınmasına dair qərarın qəbuluna qarşı çıxıb. O, bunu Rusiya istehsalı olan preparatın Avropa Dərman Vasitələri Agentliyində qeydiyyatdan keçməməsi ilə əsaslandırıb. Baş nazir isə bu addımı tənqid edərək ölkənin Səhiyyə Nazirliyinin adıçəkilən agentlikdə qeydiyyatdan keçməmiş istifadə olunan çox sayda dərmana icazə verdiyini xatırladıb.

Fərda Abasova

CANLI YAYIM