Mədəniyyət naziri ilə TV rəhbərləri arasında görüş olub

Mədəniyyət naziri ilə TV rəhbərləri arasında görüş olub

17 Fevral, 14:00 Sosial mediada paylaşın:

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərlərinin görüşü olub.

Görüşdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Real TV-nin rəhbəri Mirşahin Ağayev, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Space TV-nin rəhbəri Kamil Şahverdiyev, Xəzər TV-nin rəhbəri Murad Dadaşov, Azad Azərbaycan TV kanalının rəhbəri Azər Xəlilov, CBC TV-nin rəhbəri Vüqar Xəlilov, ARB TV-nin rəhbəri Radik İsmayılov və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edib.

Milli İncəsənət Muzeyində baş tutan görüşün iştirakçıları əvvəlcə “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgi ilə tanış olublar. Daha sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam edib. Anar Kərimov ilk olaraq 14 fevral tarixində qeyd olunan milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik edib. Bildirib ki, cəmiyyətin inkişafında, milli həmrəyliyin gücləndirilməsində televiziyaların böyük rolu var.

Daha sonra Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açıb. Nazir həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.

Anar Kərimov mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinləyib. Müzakirə zamanı televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında İşçi qrupun yaradılması, eləcə də nazirliklə televiziyalar arasında birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirib. 

Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı müzakirə edilib. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən olub.

Televiziya rəhbərləri müəyyən məqamlarla bağlı fikirlərini bölüşüblər.

Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd olunan məsələlərə münasibət bildirən nazir yaxın zamanlarda verilən təkliflər üzrə İşçi qrupun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını deyib. Bildirib ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin həyata keçirilməsi həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.

CANLI YAYIM