Azərbaycan qızılı nə vaxt vitrinlərdə parıldayacaq? – İşçi qrup yaradılıb

Azərbaycan qızılı nə vaxt vitrinlərdə parıldayacaq? – İşçi qrup yaradılıb

17 Fevral, 12:50 Sosial mediada paylaşın:

Azərbaycan qızıl ehtiyatları ilə zəngin ölkədir. Ölkəmizin əlvan metallurgiya sənayesində qızıl emalı mühüm yerlərdən birini tutur. Lakin təəssüf ki, zərgərlik məmulatları arasında Azərbaycan məhsullarını tapmaq müşkül məsələdir.

Türkiyə, Rusiya, İtaliya, ərəb ölkələri... Zərgərlik məhsulu satan əksər mağazalar bu dövlətlərin qızıl məmulatlarına üstünlük verirlər. Əslində, alıcılar da seçim edərkən yerli istehsalçıların məhsulları barədə demək olar ki, düşünmür.

O zaman sual yaranır. Zərgərlik sahəsində həm zəngin təcrübəyə, həm də tarixi ənənələrə, ən əsası, qızıl ehtiyatlarına sahib Azərbaycanda bu sahə niyə kölgədə qalıb?

Mütəxəssislər deyir ki, inkişafa mane olan bir sıra məqamlar var. Əsas məsələ odur ki, satışa çıxarılan yerli məhsulların keyfiyyətinə nəzarət edən qurum yoxdur. Bu səbəbdən alıcılar ölkədə istehsal edilən qızılın keyfiyyətinə şübhə ilə yanaşırlar.

Vergi rüsumlarının yüksək olması da bu sahənin inkişafına mane olur. Hazırda ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri ortalama 42 %-dək artır. Bu göstərici Çin, Hindistan, İtaliya və Türkiyədə 0-24 % təşkil edir. Beləliklə hazır məhsulların idxalı  istehsaldan daha əlverişli hesab edilir.

Bütün bu səbəblər zərgərlik bazarının inkişafına mane olur. Nəticədə bazarın cəmi 35 faizini yerli zərgərlik məhsulları təşkil edir. 

Sahibkarlarla Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri, problemlər və imkanlara dair müzakirələr aparılıb. Bu məqsədlə İşçi qrup yaradılıb.

Bu sahədəki vəziyyət  qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradıb. İşçi qrupun təklifləri əsasında dəyişikliklərin əks olunduğu layihə Milli Məclisdə 2-ci oxunuşda qəbul edilib. Belə ki, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgah, avadanlıq və qurğuların idxalının 3 il müddətinə vergidən azad olunması təklif edilir. Külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın da 3 il müddətinə vergidən azad edilməsi təklif olunur. Qanunun qəbulu bu sahədə mövcud problemlərin həllini sürətləndirəcək. Bir sözlə, yaxın vaxtlarda Azərbaycan qızılı vitrinlərdə də parıldayacaq.

Sədaqət Süleyman

CANLI YAYIM