“Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığı keçiriləcək

10 Sentyabr, 18:09 Sosial mediada paylaşın:

Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən yeni dərs ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol polisinin tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə töhfəsinin artırılmasıdır.

Göstərişə əsasən uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb. Belə hadisələrin başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdıqları yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlərin görülməsi, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. işlərin həyata keçirilməsi tapşırılıb.