“Daşaltı əməliyyatı”ndan 29 il sonra – Daş altında yatan qisas alındı

“Daşaltı əməliyyatı”ndan 29 il sonra – Daş altında yatan qisas alındı

25 Yanvar, 13:10 Sosial mediada paylaşın:

1992-ci ilin yanvarın 25-i başlayıb bir gün sonra uğursuzluğa düçar olan “Daşaltı əməliyyatı”ndan 29 il ötür. Əməkdaşımız Yunis Orucov Şuşa səfəri zamanı 29 ildən sonra qəhraman ordumuzun azad etdiyi bu kənddə olub, şahidlərin, hərbi ekspertlərin fikirlərini öyrənib, Daşaltını azad edən əsgərlərimizi danışdırıb. Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın mərkəzinə gedib.

Daşaltı kəndi Şuşa qalasının cənub ətəyindəki dərədə, Cıdır düzündən aşağıya enən sıldırımın yamacında qərarlaşıb. Yəni Daşaltı kəndi Şuşaya gedən yolun üzərində yerləşir. Bu kənd 1992-ci il yanvarın 25-i başlayıb bir gün sonra bitən və Azərbaycanın hərb tarixinə qara ləkə kimi düşən “Daşaltı əməliyyatı”nın keçirildiyi yerdir.

“Daşaltı” əməliyyatı keçirilən ərəfədə Azərbaycan cəmi üç ay idi müstəqillik qazanmışdı. SSRİ-nin süqutundan heç bir ay ötməmişdi.

Ehtiyatda olan mayor Əmrah Cabbarlı deyir ki, həmin vaxt erməni quldurlar bu ərazini tutmuşdular və Şuşa üçün ciddi təhlükəyə çevrilmişdilər.

Daxili çəkişmələr də bir tərəfdən vəziyyəti mürəkkəbləşdirmişdi. Siyasi mühitdəki dərəbəylik orduya da sirayət etmişdi. Bu əməliyyat o vaxt yeni təyin olunan müdafiə naziri Tacəddin Mehdiyevə özünü təsdiqləmək üçün lazım idi. Rəhim Qazıyev isə özü nazir olmaq istəyirdi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı Niyazi Quliyev “Daşaltı əməliyyatı”nın daxili siyasi məqsədlər güddüyünü deyir: “Öz postlarını qorumaqdan ötrü milli ordunu qırğına verdilər”.

Əməliyyatda Müdafiə Nazirliyinin yeni yaradılan təxminən 120 nəfərlik birinci taboru və Şuşa müdafiə taborunun döyüşçüləri, eləcə də Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin rəis müavini Riad Əhmədovun zabitlərindən ibarət 11 nəfərlik diversiya dəstəsi iştirak edirdi. Sonradan onlara Laçın alayı və polisindən də kömək gəlib. Hətta əməliyyata gedən qruplara bələdçilər də ayrılmışdı.

“Bələdçiləri seçən kim idi? Tacəddin Mehdiyev, Nurəddin Abdullayev. Daşaltıya heç bələdçi lazım deyil. Şuşadan bir daş atsan, bu kənd məhv olar”, deyir N.Quliyev.

İşin düzgün qurulmaması böyük faciəyə gətirib çıxartdı. Faktiki olaraq 90-a yaxın hərbçimiz pusquya düşüb həlak oldu. 40-dan çox itkinimizdən hələ də məlumat yoxdur.

Hərbi ekspert Ədalət Verdiyev isə maraqlı məqama toxunub: “Keçmiş döyüşçülərin sözlərinə görə, əməliyyatdan bir neçə gün qabaq artıq Şuşada hamı bu əməliyyatdan danışırmış. Deməli, əməliyyat ləğv edilməli idi, vaxtı və şərtlər dəyişdirilməli idi. Bu məlumatın haradan sızdığı araşdırılıb tapılmalı idi”.

Bu əməliyyatın uğursuzluğu o dövrdə Azərbaycan qoşunlarının döyüş ruhuna və əhalinin ovqatına çox ciddi təsir göstərmişdi. Ağır məğlubiyyət o dövrdə Müdafiə Nazirliyinin daxilində də parçalanmaya gətirib çıxarmışdı, günahkar axtarışı nəticəsiz qalanda bütün suallar da o məşum əməliyyat gecəsində sanki daşa dönmüşdü.

Beləcə, illər əvvəl Daşaltının tutulması Şuşanın işğalına gətirib çıxartsa da, 29 ildən sonra qəhraman əsgərlərimiz Daşaltını almaqla Şuşaya yol açdı. Azərbaycan hərb tarixinin ən parlaq qələbələrindən olan bu hadisə ilə müzəffər ordumuz 29 il əvvəlki ləkəni təmizlədi, şəhidlərimizin qanı yerdə qalmadı.

Bizim qəhramanlarımız təkcə torpağı işğaldan qurtarmayıb, bu zəfərlə xalqımızın illərlə aldığı mənəvi zərbələrin yerini də doldurub, tarixi ədaləti bərpa edib, Daşaltının 29 il daş altında yatan qisasını alıb.

Yunis Orucov

CANLI YAYIM