Dollar bahalaşacaq?

Dollar bahalaşacaq?

22 Yanvar, 11:48 Sosial mediada paylaşın:

ABŞ-ın yeni prezidenti Co Baydenin ölkə iqtisadiyyatına 1,4 trilyon dollar yardım planı dünyada iqtisadi canlanmaya səbəb olub. Artıq birjalarda indekslər yüksəlib. Bu da paralel olaraq bəzi səhv proqnozlara gətirib çıxarır. Söhbət ilk növbədə dolların bahalaşmasından gedir. İndi hamını maraqlandırır: dolların dəyərində hansı dəyişikliklər olacaq? Növbəti 4 il ərzində ABŞ dolları dəyər qazanacaq yoxsa itirəcək?

ABŞ Federal Rezerv sisteminin rəhbəri Canet Yellen iddia edir ki, indiki rəhbərlik Trampdan fərqli olaraq dolların kursuna süni müdaxilə etməyəcək: “Düşünürəm ki, uzun müddət maddi çətinliyi olan şəxslərə yardımlar səmərəli olacaq. Lakin dolların kursunu bazar müəyyən edəcək”.

Bu açıqlama ABŞ-ın siyasi cəhətdən  hər hansı müdaxilə etməyəcəyini deməyə əsas versə də, atılan iqtisadi addımlar fərqlidir. Məsələn, pandemiya və onun nəticələri əlavə pul çapını və müxtəlif  təşviq planlarının həyata keçirilməsini qaçılmaz edir.

“Dünya iqtisadiyyatında müəyyənliyin geri qayıtması risksiz valyutalara marağı aşağı salacaq. Bu baxımdan risksiz valyuta olan dollara maraq azalacaq. Nəticə etibarilə doların məzənnəsində azalmanın olcağı gözləniləndir”. Ekspert Xalid Kərimli belə düşünür.

Bəs dolların dəyər itirməsi nə ilə nəticələnə bilər? Mütəxəssislər bu halda dünyada əmtəə qiymətlərinin bahalaşmasının, xüsusilə enerji qiymətlərinin artmasının gözlənilən olduğunu bildirir. Enerji qiymətlərindəki artım isə alternativ enerjidən istifadəni sürətləndirəcək. Azərbaycan iqtisadiyyatına gəldikdə isə pandemiyanın nəzarətə götürülməsi neftdən və qazdan gələn gəlirlərin həcmini artıracaq.

X.Kərimli hesab edir ki, dolların ucuzlaşması manatın da ucuzlaşmasına gətirəcək: “İnsanlar bunu hiss etməsə də, bu, müsbət bir haldır. Xüsusilə ixrac üçün”.

Millət vəkili Vahid Əhmədov dolların qiymətinin qalxmayacağını düşünür.

Dolların möhkəmlənməsinə imkan verməyən digər amillər də var. ABŞ-da dekabrda aylıq əsasda istehlak indeksi 1,5% geriləyib. İstehsal indeksində də azalma müşahidə olunur. İstehsal gücündən istifadə indeksi isə 74% həddindədir. Avropa mətbuatının yazdığına görə, nəğd pul kütləsinin artması ABŞ-da inflyasiyanın 9%-ə çatmasına zəmin yarada bilər. Qeyd edilən 3 amil yaxın aylarda dolların dəyər qazanmasına imkan verməyəcək. Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard da son proqnozunda bildirib ki, martda pandemiya ilə bağlı məhdudiyyətlər yumşaldılacağı təqdirdə Avropada iqtisadi mühit yaxşılaşacaq. Neftin iqtisadiyyatdakı payı böyük olan ölkələrin valyutasının ucuzlaşması barədə iddialara gəlincə, son həftələrdə xam neftin qiyməti xırda istisnalara xaric artmağa davam edib. OPEC üzvlərinin hasilatı azaltması da qiymət artımı ilə nəticələnir. Pandemiya amilini də yaddan çıxarmaq olmaz. Martda Avropanın əksər ölkələrində karantinin yumşaldılması gözlənilir. Bu da neft məhsullarına tələbatın kəskin artmasına gətirib çıxaracaq.

Sədaqət Süleyman

CANLI YAYIM