Ermənistanda siyasi gərginlik və etiraz aksiyaları davam edir

9 Sentyabr, 11:58 Sosial mediada paylaşın:

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti ilə  Qarabağ klanı arasında ziddiyyətlər dərinləşməkdədir. İşğalçı ölkənin bölgələrində isə sosial tələblərlə etiraz aksiyaları keçirilir.

Ermənistanın bölgələrində işsizlik və məmur özbaşınalığına qarşı itəatsizlik aksiyaları səngimir. Lori vilayətinin ən böyük kəndlərindən biri Saratovkada sakinlər kənd icra nümayəndəsinin özbaşınalığına son qoyulmasını tələb edirlər. Etirazçıların bildirdiyinə görə, 25 ildən çox özünü kəndin icra nümayəndəsi kimi təqdim edən Qarnik Mardoyan sakinlərin problemləri ilə maraqlanmır. Onları aldadaraq pay torpaqları əllərindən alınıb.

Sitat: “Fırıldaqçı Mardoyan bizə düşən pay torpaqlarını saxta yollarla mənimsəyərək özünün və yaxın adamlarının adına sənədləşdirib. Bu kəndin sakinləri ancaq təsərrüfatla və əkin-biçinlə məşğul olurlar. Dəfələrlə Lori vilayətinin qubernatoruna, ölkənin baş prokuroruna şikayət etməyimizə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Əgər bizim tələblərimiz yerinə yetirilməsə növbəti aksiyalarımızı hökumət binasının qarşısında keçirəcəyik.

İşğalçı ölkədə baş nazir Nikol Paşinyan hakimiyyəti ilə “Qarabağ” klanı arasında ziddiyyətlər dərinləşir. Qondarma rejimin sabiq təhlükəsizlik xidmətinin rəisi general Vitali Balasanyan 1 mart hadisələri ilə bağlı xüsusi istintaq komitəsinə çağırılıb. 4 saata yaxın ifadə verib. Dindirilmədən sonra Balasanyan “Hraparak” qəzetinə müsahibəsinə bir daha bildirib ki, baş nazir Nikol Paşinyan və keçmiş prezident Levon Ter-Petrosyan 1 mart hadisələrində günahkardırlar.