Latviyanın aparıcı telekanalında 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib

Latviyanın aparıcı telekanalında 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib

20 Yanvar, 19:35 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Bu barədə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində səfirliyin sifarişi ilə Latviyanın aparıcı “Riga TV24” telekanalında 20 Yanvar faciəsi ilə bağlı “Qara Yanvar. 2 Nömrəli İş” (Дело №2. "Чёрный январь") sənədli filmi nümayiş etdirilib.Tarixi video-foto materiallar və hadisə şahidlərinin ifadələrinə əsaslanan və “1990-cı ildə Bakıda 20 Yanvar Hadisələri” başlığı ilə təqdim edilən film latış dilinə tərcümə edilib və tərcümə subtitrlər ilə Latviya əhalisinə təqdim edilib. Səfirliyin sifarişi ilə nümayiş etdirilən filmdə 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin ifadəsi olaraq təqdim edilib. Bu mövzuda keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu izah edilib, lakin "Qanlı Yanvar"ın xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi, ölkəmizdə milli azadlıq hərəkatının daha da yüksəlməsi və nəticədə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasına yol açdığı diqqətə çatdırılıb. Filmdə Sovet qoşunlarının yüz minlərlə azərbaycanlının kütləvi şəkildə qovulduğu və beləliklə Sovet qanunlarının açıq şəkildə pozulduğu Ermənistan və ya Dağlıq Qarabağa göndərilməsi əvəzinə Bakı və Azərbaycanın digər bölgələrində dinc əhalinin üzərinə yeridilməsi və bunun Sovet dövlətinin öz xalqına qarşı xəyanəti olması ilə bağlı hadisə şahidlərinin fikirlərinə yer verilib. Eyni zamanda, filmdə 20 Yanvar faciəsinin səbəbləri, bu hadisələrin qurbanları, günahkarları və bu xüsusda keçmiş Sovetlər İttifaqı rəhbərliyinin yanlış qərar və qanunsuz əməlləri barədə geniş məlumat verilib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov başda olmaqla 20 Yanvar faciəsinin əsas günahkarlarının hələ də öz layiqli cəzalarını almadığı qeyd edilərək, bu qanlı hadisəyə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin münasibət bildirdiyi  qeyd olunub. Bu xüsusda Ulu Öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə qınayan və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edən  bəyanatlarla çıxış etdiyi diqqətə çatdırılıb. 

Filmin sonuna “Azərbaycan xalqının milli azadlıq mübarizəsi 2020-ci ildə, 44 günlük qalib müharibənin nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşdı, bununla da erməni millətçiləri və vaxtilə keçmiş Sovet rəhbərliyi tərəfindən qızışdırılan münaqişəyə son qoyuldu”, yazıları əlavə edilib.

Filmin video yazısı Latviyada ən son xəbərlər, kəskin müzakirələr, maraqlı əyləncə şouları və ən son idman proqramlarını  bir araya gətirərək təkrar nümayiş etdirən və ölkədə xəbər proqramlarının izləyiciləri arasında tanınmış “XTV.LV” video platformasında da yerləşdirilib.

Qeyd edək ki, “RīgaTV 24” kanalı, Latviyada sənədli diskussiya proqramları təqdim edən unikal bir televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Həmçinin 20 Yanvar faciəsi ilə əlaqədar Latviyada keçirilən müvafiq anım tədbirləri çərçivəsində səfir Cavanşir Axundov və səfirliyin bütün kollektivi 1990-cı il yanvar ayının 20-də Bakıda və 1991-ci il yanvar ayının 20-də Riqa şəhərində törədilmiş və tarixə “Barrikada Günü” adı ilə həkk olunan eyni xarakterli faciənin qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olaraq Latviya Respublikasının Azadlıq abidəsi önündə təşkil edilən əklil qoyma mərasimində iştirak ediblər. 

CANLI YAYIM