Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün layihələndirmə işlərinə başlanılıb. Baxış zamanı 28 ildir işğal altında qalan Suqovuşan su anbarına dəyən ziyan da qiymətləndirilib.
Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında, ümumilikdə, 96 min 217 hektar əkin sahəsinin suvarılmasında 30 ilə yaxın idi çətinlik yaşanırdı. Səbəb isə Suqovuşan kəndindəki eyni adlı su anbarının işğal altında olması idi. Vətən müharibəsində qazanılan qələbə ilə bu məsələ də öz həllini tapacaq. Sözügedən su anbarında toplanan suyun əkin yerlərinə itkisiz ötürülməsini təmin etmək üçün kanallar bərpa ediləcək.
Artıq layihələndirmə işlərinə başlanılıb. Bu məqsədlə mütəxəssislər
Suqovuşan kəndində olub, Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.
Mütəxəssislər Xanarx kanalının yenidən qurulmasına başlayıblar. Lakin subölüşdürücü qurğuya qədər olan 5,2 kilometrlik məsafə, yəni Tərtər kanalında da təmir-bərpa işlərinə ehtiyac var.
Baxış zamanı o da müəyyən edilib ki, erməni işğalçılar tərəfindən Sol Sahil kanalı dağıdılaraq yararsız hala salınıb.
Bundan başqa, 30 il müddətində baxımsız qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb. Buna görə də kanalın yenidən qurulması üçün layihə veriləcək. Daha sonra suyun təsərrüfatlara çatdırılması mümkün olacaq.
Layihələndirmə işləri tam başa çatandan sonra Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq. İlkin mərhələdə bu işlərin görülməsi ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarında 20 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşacaq.
Əntiqə Fərəcova