Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

6 Sentyabr, 17:34 Sosial mediada paylaşın:

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərini tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcək. Opera tamaşasında Mimi partiyası teatrın aparıcı solisti - Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova tərəfindən ifa olunacaq.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları - Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu da operada əsas partiyalardan olan Rudolf və Marselini ifa etmək üçün dəvət edib.

Səhnə əsərində, həmçinin Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor) və Əkrəm Poladov (Kollen) çıxış edəcəklər.