“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov videoformatda mətbuat konfransı keçirib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov videoformatda mətbuat konfransı keçirib

25 Dekabr, 14:10 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov videoformatda mətbuat konfransı keçirib.

R.Məmmədov əvvəlcə AzTV-nin 2019-2020-ci illər üzrə hesabatı ilə çıxış edib. O, sosial şəbəkələrdə canlı yayımlanan konfrans zamanı son iki ildə kanalda görülən işlər, edilən dəyişikliklər barədə ətraflı məlumat verib.

Bildirib ki, AzTV ilk növbədə rebrendinq olunub, qrafik göstəricilər yenilənib: “Kanalın maddi-texniki bazası gücləndirilib, xüsusən HD yayıma keçidlə bağlı mühüm addımlar atılıb, yeni efir otağı (4k təsviri), şəbəkə sistemi yaradılıb. 10-dan çox yeni və müasir tələblərə cavab verən studiya tikilib”.

Onun sözlərinə görə, son iki il ərzində AzTV-də 50-dən çox yeni veriliş açılıb. Verilişlərdən bəziləri pandemiya vaxtı, bəziləri isə 44 günlük müharibə zamanı fəaliyyətə başlayıb.

“Verilişlərin mövzuları gündəmə uyğun seçilir, bəzən son məqamda belə mövzu dəyişdirilir, daha aktual mövzu ilə əvəz edilir”, - deyə sədr qeyd edib.

Hesabatda iki ildə filmlərə xüsusi yer verildiyi vurğulanıb: “2019-cu ildə 29 sənədli, 1 bədii televiziya filmi çəkilib. 2020-ci ildə isə 25 sənədli, 1 bədii televiziya filmi istehsal olunub. Bu müddətdə 50-yə yaxın sosial çarx hazırlanıb”.

Rövşən Məmmədov kanalın pandemiya zamanı fəaliyyətindən bəhs edib. O, pandemiyanın elan olunduğu ilk günlərdən AzTV-nin əməkdaşlarının koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan ilk və eksklüziv reportajlar təqdim etdiyinə diqqət çəkib: “Pandemiya dövründə insanların evdə qalaraq darıxmaması və eyni zamanda maariflənməsi üçün bir neçə yeni veriliş açıldı. Onlardan bəziləri gündəlik, bəziləri isə həftəlik verilişlər idi və tamaşaçılar tərəfindən böyük maraq gördü”.

QSC sədri Vətən müharibəsi dövründə kanalın hadisələrə çevik reaksiya verdiyini, bölgələrə dərhal əməkdaşların ezam olunduğunu xüsusi qeyd edib: “Vətən müharibəsi başlayan ilk gündən TV-nin bölgələrdə fəaliyyət göstərən əməkdaşları cəbhə xəttindən canlı bağlantılar zamanı ən son məlumatları çatdırdı. Hətta TV-nin Bakıda fəaliyyət göstərən əməkdaşlarından bəziləri də qaynar zonalara ezam olundular. Ən son məlumatlar hər saat tamaşaçılara həm xəbərlər proqramlarında, həm də müxtəlif verilişlərdə çatdırıldı”.

O, rəy sorğularına əsasən AzTV-nin 44 günlük müharibə zamanı ən çox baxılan TV kanalı olduğunu da xatırladıb.

Televiziya rəhbəri kanalın sosial şəbəkələrdə də aktiv olduğunu bildirib və son bir ildə bu sahədə böyük irəliləyiş əldə edildiyini deyib: “YouTube” kanalımız bir ildə 100 min izləyici sayını keçib. Görüntülənmə isə 21 milyon artıb. “Facebook” və “İnstagram” isə həm materiallarımızın sosial şəbəkə istifadəçilərinə təqdim olunması, həm də tamaşaçı və izləyicilərimizin rəylərini öyrənə bilmək baxımından yaxşı platformalardır. Bu istiqamətdə də istifadə edirik”.

CANLI YAYIM