Qələbəyə saatlar qalmış şəhid oldu - “Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər ki, oğlun qəhrəmandır...”

Qələbəyə saatlar qalmış şəhid oldu - “Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər ki, oğlun qəhrəmandır...”

4 Dekabr, 11:23 Sosial mediada paylaşın:

Tarıverdiyev Nicat Şöhrət oğlu – o artıq təkcə anasının yox, bütün Azərbaycanın qəhrəmanıdır. Qəhrəmanlığı isə əsgərliyə gedəndən başlayıb. Toy-bayramla yola düşüb hərbi xidmətə.

Müharibədə olduğunu ailəsindən gizlədib, hər zəng edəndə Anasına belə deyərmiş: “Yaxşı olacaq, darıxma”. 44 gün uzun bir cəbhə yolu keçib, qəhrəmancasına döyüşüb Nicat.

Anası Şükran Faruq qızı deyir ki, oğlu qələbəyə sayılı saatlar qalmış şəhid olub: “Prezident tam qələbə qazandığımı elan etdi. Qurban demişdim, getdim onu kəsməyə. Elə ayın 10-u saat 13 radələri idi. Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər oğlun qəhrəmandır”.

Nicat Bakıda anadan olub. 132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib kimi Azərbaycan bayrağına bürünən Nicat cəbhədən də elə bayrağa bükülü qayıdıb. Noyabrın 17-si doğulduğu gün torpağa tapşırılıb. 22 yaşı tamam olurdu. O öz ad gününə şəhidliyini hədiyyə etdi.

Nicat Qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanların sırasına yazdı.

Firuzə Nadir

CANLI YAYIM