Şagirdlərə dərsliklər paylanılır

4 Sentyabr, 12:50 Sosial mediada paylaşın:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklər paylanılır.

BŞTİ-dən bildirilib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-dək davam edəcək.

Şagirdlər və onların valideynləri bu müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri almalıdırlar. Bu, tədris ili başlanana qədər şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Mövcud qaydalara görə, dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddəti bitmiş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.