Tarixin Ağdama bəxş etdiyi tarixi, dini, memarlıq abidələri – İndi onlardan əsər-əlamət qalmayıb

Tarixin Ağdama bəxş etdiyi tarixi, dini, memarlıq abidələri – İndi onlardan əsər-əlamət qalmayıb

1 Dekabr, 11:50 Sosial mediada paylaşın:

Aran Qarabağla Dağlıq Qarabağın birləşdiyi ərazidə yerləşən Ağdam.  Bir vaxtlar öz tarixi, mədəni abidələri ilə seçilən və minlərlə insanın ziyarət yerinə çevrilən Ağdam indi boş xarabalıqdan ibarətdir. 27 il ərzində ermənilər burada təkcə yaşayış məntəqələrini deyil, eyni zamanda bütün qədim mədəniyyət abidələrini yerlə-yeksan edib.

1150 kvadrat kilometr ərazidə 65 yaşayış məntəqəsini əhatə edən Ağdamın ağ damlarından əsər-əlamət qalmayıb. Dağıdılan təkcə yaşayış evləri deyil. Qədim tarixə malik onlarla memarlıq və incəsənət abidələri dağıdılıb, təhqir edilib və yaxud tarixi saxtalaşdırılıb. İlk yaşayış məskəni kimi eramızdan əvvəl I minillikdə yaranan indiki Ağdam şəhərində bəzi tarixi abidələrin tarixi eradan əvvələ gedib çıxır.

Ekspert Vüqar Zifəroğlu deyir ki, Üçoğlan kəndindəki abidələrin çoxu eneolit dövrünə aiddir. Bundan başqa, Ağdamda 14-cü əsrə aid bir sıra türbələr mövcuddur. 10-dan çox kənddə isə alban tarixini əks etdirən abidələr var.

1868-70-ci illərdə iki minarəli və iki mərtəbəli Ağdam Cümə məscidi, XVIII əsrə aid Pənah xanın imarəti, Şahbulaq kəndində XVIII əsrə aid  iqamətgah, Karvansara və bürc qalaları tarixin Ağdama bəxş etdiyi memarlıq abidələridir. 30 ilə yaxındır Qarabağın ürəyi hesab edilən Ağdam və onun tarixi-dini abidələri, ziyarətgahlar, tarixi-memarlıq abidələri erməni təcavüzunun qurbanı olub.

Təxmini hesablamalara görə, Ağdamın tarix və mədəniyyətinə 4 milyard dollardan çox zərər dəyib. Bu məbləğin artacağı istisna edilmir. Azadlığına qovuşan Ağdamın tarix və mədəniyyətinə yeni baxış olacaq. Bərpa və konservasiyaya ehtiyacı olan abidələrin siyahısı müəyyənləşdiriləcək.

Sədaqət Süleyman

 

CANLI YAYIM