Bu maşınla Kəlbəcərdən çıxmışdılar, elə onunla da qayıdacaqlar - REPORTAJ

Bu maşınla Kəlbəcərdən çıxmışdılar, elə onunla da qayıdacaqlar -REPORTAJ

25 Noyabr, 17:23 Sosial mediada paylaşın:

Şəkidə məskunlaşan Məhərrəm Rzayev Kəlbəcərdən məcburi şəkildə köçkün düşənlərdən biridir. O, ailəsini Kəlbəcərdən çıxardığı maşınla rayonuna qayıtmağa hazırlaşır.

“Bu maşınla 1993-də Kəlbəcərdən 14 nəfər çıxıb. Onun 5-i uşaq idi. Çox çətinliklərlə gəldik. Kəlbəcərdə 60 min insan var idi, onun 40 mini piyada çıxdı – Murov yolu ilə. Amma biz maşınla gəldik”, deyir M.Rzayev.

Onun sözlərinə görə, sonra bu maşını almaq istəyən çox olub. Xeyli pul da təklif ediblər. Amma satmayıb. Kəlbəcərdən yadigar kimi saxlayıb. Çətin günlərdə onları xilas etdiyi üçün qoruyub, satmağa qıymayıb:

“Mən Kəlbəcərdən heç nə gətirməmişəm. Təzə paltarım qaldı dolabda, gündəlik geyindiyim paltarla çıxdım. Bu maşın 70-ci ildən bizdədir. Göz açıb bu maşını qapıda görmüşəm. Ona görə satmadım. Mənim üçün çox əzizdir və qiymətsizdir”.

Bu avtomobilin yaşı sahibinin yaşından çoxdur - 1953-ci ildə istehsal edilib. Amma elə saxlanılıb ki, sanki bu gün zavoddan çıxıb. Müsahibimiz deyir ki, maşına ailənin bir üzvü kimi baxıb. Onlarla da birlikdə geri qayıdacaq.

1991-92 ci ildə Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə ordumuza dəstək məqsədilə bu maşınla silah-sursat daşınıb.

Rzayevlər ailəsinin yaşadığı Şəki rayonunun Çələbi xan qəsəbəsində bütün məcburi köçkünlər sevinc içindədirlər. Hamı ata-baba yurduna qayıtmaga hazırlaşır. Laçınlılar da. Dekabrın 1-də Laçın rayonu da Azərbaycana təhvil veriləcək.

Nigar Davudova

CANLI YAYIM