Füzuli-Şuşa yolunun inşası davam edir

Füzuli-Şuşa yolunun inşası davam edir

24 Noyabr, 15:00 Sosial mediada paylaşın:

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu inşası davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, noyabrın 16-da Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb. Dövlət başçısının sərəncam və tapşırığına əsasən, Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu tikinti layihəsinin uzunluğu 101,5 kilometr, yolun ümumi eni isə 37,7 metr təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 metr olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik bir ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihəboyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.

CANLI YAYIM