“DOST” mərkəzinə 30 mininci müraciət qeydə alınıb

“DOST” mərkəzinə 30 mininci müraciət qeydə alınıb

3 Sentyabr, 13:34 Sosial mediada paylaşın:

DOST Agentliyinin 1 saylı “DOST” mərkəzi 30 mininci vətəndaşı qəbul edib.

Aztv.az xəbər verir ki, Səbail rayon sakini Şimdit Novruzov mərkəzə sosial müavinətlərin təyin edilməsi ilə bağlı müraciət edib. O, 4 aya yaxındır fəaliyyət göstərən 1 saylı “DOST” mərkəzinin xidmət göstərdiyi 30 mininci vətəndaş kimi tarixə düşüb.

1 saylı “DOST” mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. Direktor “DOST” mərkəzinin xidmətlərindən istifadə etdiyi üçün paytaxt sakininə təşəkkürünü bildirib. Ş.Novruzov “DOST” mərkəzində ona göstərilən xidmətin operativ və yüksək səviyyədə olduğunu qeyd edib. O, son aylarda pensiya, əməkhaqlarının artırılmasına, vətəndaşlar üçün bu cür şərait yaradılmasına görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, mayın 9-da açılan 1 saylı “DOST” mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.

2019-2025-ci illər üzrə “DOST Regional Proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin açılması nəzərdə tutulub.

CANLI YAYIM