Erməni təxribatı nəticəsində cəbhə xəttindən kənarda həlak olmuş şəxslər də şəhid hesab olunur - YENİ QƏRAR

Erməni təxribatı nəticəsində cəbhə xəttindən kənarda həlak olmuş şəxslər də şəhid hesab olunur - YENİ QƏRAR

20 Noyabr, 16:05 Sosial mediada paylaşın:

Ermənistanla sərhəd rayonlarda və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilir.

Bu barədə Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda edilmiş dəyişiklikdə bildirilir.

Qeyd olunur ki, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törədib və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb.

Respublikada yaranmış mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olmuş mülki vətəndaşların şəhid hesab edilməsi məqəsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirdilər.

CANLI YAYIM