Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb

19 Avqust, 13:24 Sosial mediada paylaşın:

Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu gün Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 8 yüz namizədin müsahibə mərhələsində iştirakı gözlənilir.

Təhsil Nazirliyindən bildiriblər ki, avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 min 728 nəfərin iştirakı nəzərdə tutulub.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 min 687 namizəd müraciət edib. Onlardan 48 min 204-ü imtahanda iştirak üçün dəvət olunub. 41 min 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 min 609 namizəddən 14 min 3 nəfər elektron ərizəsini təsdiqləyib.

CANLI YAYIM