Azərbaycan karbamidi dünya bazarlarına çıxır - REPORTAJ

Azərbaycan karbamidi dünya bazarlarına çıxır - REPORTAJ

16 Avqust, 16:34 Sosial mediada paylaşın:

Bu ilin altı ayında qeyri-neft sənayesində rekord artım qeydə alınıb: 15,7 faiz. Bu artımı şərtləndirən faktorlar sırasında ötən müddətdə istifadəyə verilən iri müəssisələrin rolu böyükdür. Onlardan biri də “SOCAR Karbamid” zavodudur.

“SOCAR Karbamid” - bu gün burda 400-dən çox insan çalışır. Sayları az deyil. Ancaq gördükləri iş bundan qat-qat çoxdur.

Zavod bu ilin əvvəlində istifadəyə verilib. Buna baxmayaraq, qısa müddət ərzində məhsuldarlığı təxminən 80 faizə çatdırıb.

“SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib: “Türkiyə bazarında, bundan başqa Rusiya, Rumınıya bazarlarında satışlar həyata keçirmişik. Bundan sonra zavodun istehsal gücünün tədricən  artması gözlənilir. Zavodun idarə olunması 100 faiz Azərbaycan vətəndaşları sayəsində həyata keçirilir”.

***

Zavodun istehsal etdiyi karbamid azot gübrəsidir. Kənd təsərrüfatında, plastik materialların istehsalında, dərman vasitələrinin və müxtəlif boyaların  hazırlanmasında istifadə oluna bilər. Bir sözlə, dünyada karbamidə tələbat olduqca böyükdür. Buna görə də məhsul Çin, Hindistan  və Braziliya kimi ölkələr üçün maraqlıdır. Sözügedən ölkələrə ixrac nəzərdə tutulur. Və tələbatı ödəmək üçün zavodda gecə-gündüz qızğın iş gedir.

Karbomid və Amonyak Qurğusunun rəisi Şöhrət Mirzəyev deyir: “Karbomid və Amonyak Qurğusunda proses fasiləsiz olaraq gedir. Operatorlar tərəfindən burda həmin proseslərə nəzarət olunur. Texnoloji parametrlər, təzyiq, temperatur, səviyyə və s. Parametrlərə fasiləsiz olaraq nəzarət olunur”.

***

Kisələr isə 1 paletdə 3 cərgə 10 sıra olmaqla 30 ədəd yığılır. Bir paletin çəkisi 1,2 tondur. Bu, daşınma və tranzit, ümumilikdə logistika üçün nəzərdə tutulub.

Hazırlanan məhsul son mərhələdə tırlara yüklənilir və tırlar vasitəsilə Qaradəniz sahilindəki ölkələrə ixrac olunur.

Ancaq zavod üçün əsas olan yalnız istehsal və ixrac deyil, həm də təhlükəsizlikdir.

Əməyin mühafizəsi və ekologiya şöbəsinin rəisi Nurlan Axundov deyir: “İşçilərin qorunması üçün onlar daimi olaraq təlimatlandırılır. Bilikləri yoxlanılır. İşçilər bütün fərdi mühafizə vasitələri ilə təmin edilib. Zavod ərazisində hər hansı bir hadisə baş verərsə, işçi heyətin qorunması üçün müasir texnologiyalara cavab verən yanğınsöndürmə sistemi var”.

***

Daha bir müasir sistem isə zavodun fəaliyyəti zamanı ətraf mühitə atılan təsirlərin minimuma endirilməsi məqsədi daşıyır. “SOCAR Karbamid” ən yüksək texnologiyalara cavab verən ekoloji standartların tələbinə riayət ediməklə qurulub. Zavod sıfır tullantı prinsipi ilə çalışır. Bundan başqa, “SOCAR Karbamid” özünü enerji ilə təmin edir.  Zavodda gücü 26 meqavat olan  buxar turbin generatoru var və sənaye müəssisəsinin işıqlandırılmasından tutmuş, bütün avadanlıqların işləməsinə qədər bütün enerji burda istehsal olunur.

Aztv.az

CANLI YAYIM