Qarabağda qanunsuz məskunlaşdırma: Ermənistan istəyir ki, Dağlıq Qarabağda yeni böhran başlasın - TƏHLİL

Qarabağda qanunsuz məskunlaşdırma: Ermənistan istəyir ki, Dağlıq Qarabağda yeni böhran başlasın - TƏHLİL

12 Sentyabr, 20:02 Sosial mediada paylaşın:

Ermənistan təcavüzkar siyasətini yalnız hərbi-diversiya aktları fonunda davam etdirmir. Sentyabrın 11-də sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsinə dair məlumatlar göstərir ki, Ermənistan regionun demoqrafik quruluşunu dəyişmək planlarını da sürətlə həyata keçirir. İşğal olunmuş ərazilərdə yerləşdirilən insanlar isə faktiki, Nikol Paşinyan hakimiyyətinin avantürist siyasətinin qurbanına çevrilir.

Ermənistanın apardığı qanunsuz məskunlaşdırma siyasəti artıq açıq müstəviyə keçib. Bir neçə müddətdir ki, işğal altında olan Azərbayan ərazilərinə Suriya və Livandan erməni mənşəli insanlar gətirilir. Bir müddət öncə separatçı rejim rəhbərləri 100-150 Livan ermənisini qəbul etməyə hazır olduqları bəyanatı ilə çıxış etmişdilər. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş verən faciənin nəticələrinin aradan qaldırılması, sözügedən ölkəyə humanitar yardım göstərilməsi ilə məşğul olarkən Paşinyan iqtidarının bu faciədən özünün çirkin məqsədləri naminə sui-istifadə etməsi təəssüf doğurur. Ona görə də  beynəlxalq təşkilatlar, xüsusilə də, ATƏT-in Minsk qrupu qanunsuz məskunlaşdırma siyasətinə ciddi reaksiya verməli və İrəvanın növbəti təxribatçı addımlarını sərt şəkildə qınamalıdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdəki N saylı hərbi hissədə çıxışı zamanı bildirmişdi ki, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq: “Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin”.

Azərbaycan tərəfi qanunsuz məskunlaşdırma siyasətinin 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyası və onun əlavə Protokollarına zidd olduğunu xatırladır. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi: “Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Bir nüansa da xüsusi diqqət yetirilməlidir ki, Ermənistan və separatçı rejim qanunsuz məskunlaşdırma siyasətinin ciddi reaksiya doğuracağını bilə-bilə siyasi təxribata əl atır. Məsələn, əgər rejim rəhbəri Araik Arutyunyan “Livandakı erməni ailələrinin Qarabağa köçürülməsi partlayışla bağlı deyil, biz bu ölkədəki ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq həmin addımı çoxdan atmağa hazırlaşırdıq” absurd izahatını verirsə, bu bəyanatın konkret maraqlara hesablandığını və hədə məqsədi daşıdığını söyləmək olar. Burada siyasi demaqogiya elementləri də var, çünki öncə Suriya, daha sonra Livan ermənilərini Qarabağa gətirərək boş ərazilərdə yerləşdirmək, bu yolla iqtisadi canlanma yaratmaq mümkün olmayacaq.

Almaniyanın beynəlxalq əlaqələr üzrə eksperti Urs Unkauf bildirir ki, Ermənistan Beyrut limanındakı partlayışı beynəlxalq hüquqa zidd şəkildə işğal etdiyi Dağlıq Qarabağa kütləvi şəkildə erməni millətli vətəndaşları köçürmək üçün istifadə edir: “Bu, beynəlxalq hüquq normalarının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozuntusudur. Ermənistan artıq Suriyadakı vəziyyətdən istifadə etdi və minlərlə ermənini oraya köçürdü ki, öz mövqelərini gücləndirə bilsin. Dağlıq Qarabağ tarixi və hüquqi baxımdan Azərbaycana aiddir və biz üzümüzü döndərməməliyik və beynəlxalaq hüququn prinsiplərini qorumalıyıq. Biz beynəlxalq diplomatiya vasitəsi ilə vurğulamalıyıq ki, Ermənistan humanitar vəziyyətin pisləşməsinə töhvə verir. Beyrutdakı böhrandan istifadə edir ki, Dağlıq Qarabağda yeni böhran başlasın. Bunu kəskin qınayıram, Almaniya siysəti buna lazımi qiymət verməlidir. Ümüd edək ki, çoxtərəfli vasitəçi təşkilatların, məsələn ATƏT və digərlərinin səyləri həm Orta Şərqdə, həm də Cənubi Qafqazda vəziyyətin düzəlməsinə aparacaq”.

Beləliklə, İrəvan açıq şəkildə bölgənin demoqrafik quruluşunu dəyişmək və regionun işğalını qanunləşdirmək üçün kart-blanş əldə etməyə çalışır. Bu azmış kimi, son günlər Ermənistan separatçı rejimin dili ilə digər ərazilərimizi də işğal edəcəyinə dair ritorikanı artırır və Azərbaycanı Gəncə şəhərini raket atəşinə tutacaqları ilə hədələyir. Nikol Paşinyanın və müdafiə nazirinin təxribatçı bəyanatları, eləcə də bu qəbildən olan digər addımlar isə bir daha göstərir ki, Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.

Malik Həsənov

CANLI YAYIM