Cəbhə kəndində yeni məktəb binası tikilir - REPORTAJ

Cəbhə kəndində yeni məktəb binası tikilir - REPORTAJ

15 Avqust, 17:20 Sosial mediada paylaşın:

Ölkəmizdə cəbhə bölgələrinin inkişafına xüsusi diqqət yetirilir. Təmas xəttinə yaxın rayon və kəndlərin infrastrukturu əsaslı şəkildə yenilənir. Əhalinin elektrik enerjisinə, mavi yanacağa olan tələbatı tam ödənilir. Bununla yanaşı, yeni yollar salınır, məktəb binaları tikilir. Ağdam rayonunun Yüzbaşılı kəndində də yeni təhsil ocağı inşa edilir. Müasir standartlara cavab verəcək məktəbin istifadəyə verilməsi ilə əhalinin məktəb sarıdan olan çətinliyi aradan qalxacaq və keyfiyyətli təhsilə imkan yaranacaq.

Təmas xəttinə yaxın Yuxarı Yüzbaşılı kənd tam orta məktəbində son tamamlama işləri aparılır. 15 Sentyabr Bilik Günüdə kəndin şagird və müəllim kollektivi yeni tədris ocağında öz fəaliyyətlərini davam etdirəcəklər.

Yeni tədris ilinin başlanmasına az qaldığı üçün məktəb binasında işlər sürətlə aparılır. Məktəbin yeni binasının tikintisinə ilin əvvəlində başlanılıb. Tədris ocağında 132 şagirdin təhsil alması üçün hər cür şərait yaradılır. İki mərtəbədən ibarət olan yeni binada sinif otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, kimya və fizika laboratoriyaları tikilib. Bununla yanaşı, idman və akt zalları, kitabxana, oxu zalı, bufet və yeməkxana da inşa edilib.

Ziyəddin Seyidov (tikinti nəzarətçisi):

-      Məktəbin həyətində su ambarlarıdır, katelnidir, tronsformatrdır - bunlar hamısı öz yerini alıb. Binaya elektrik enerjisini vermişik. İşlərin 90 faizini görmüşük qalıb 10 faizi. Onu da 20 gün ərzində qutararıq.

***

Məktəbin həyətində transformator, içməli, çirkab və yanğın əlehinə su anbarları və qazanxana inşa olunub. Bununla da  məktəb binası isti su ilə təmin olunacaq.

Arif Muradov (işçi):

- İşimizin 80 faizini görmüşük. 20 faiz qalıb. 3-4 günə tamamlanır. Bu əsasən qazla işləyəcək. Bununla da məktəbin hər yerinə isti su veriləcək.

***

Cəbhə kəndində yeni ümumtəhsil məktəb binasının tikintisi kənd sakinlərinin, eləcə də valideynlərin böyük sevincinə səbəb olub. Onlar əhalinin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildiriblər. Kənd sakini Taleh Quliyev deyir ki, əvvəlki dövrlərdə çətinliyimiz olub. İndi bütün şəraitlə təmin olunmuşuq: “Uşaqlar məktəbə gedirdilər baxça binasında. Çox çətin idi. O biri kəndə gedirdilər. Qışı çox çətin idi, soyuq vaxtlarda, isti vaxtlarda. Kəndimizə qəşəng asfalt çəkiblər. Əvvəl yollar pis idi, getmək-gəlmək çətin idi. Hər şeyimiz var işığımız, qazımız var, marşurutumuz”.

Son illərdə Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində geniş tikinti-bərpa və abadlıq işləri aparılıb. Məktəb və məktəbəqədər təhsil müəssisələri inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.

Aztv.az

CANLI YAYIM