Oğuzda tütünçülüklə məşgul olanları işi asanlaşıb. Çünki rayonda tütünqurutma məntəqəsi artıq istifadəyə verilib. Tütün qurudulmasını sürətləndirmək üçün məntəqənin iki növbəli işləməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı üçün yararlı, münbit torpağı olan Oğuzda tütünçülük ənənəvi sahələrdən biridir. Bir müddət diqqətdən kənərda qalsa da, 2016-cı ildən etibarən bu sahə yenidən dirçəlib. Həmin il rayonda 13,7 hektar sahədə tütün əkilib, 15 ton quru tütün istehsal olunub. Sahələr ildən ilə genişləndirilməklə bu mövsüm 269 hektara çatdırılıb. Son günlər havaların yağmurlu keçməsi də tütünçülüyün inkişafına öz müsbət təsirini göstərib. Həm hava şəraitinin əlverişli olmasına görə, həm də bütün aqrotexniki qaydalara vaxtında əməl edildiyindən məhsul boldur. Hazırda yarpaq dərimi davam edir. İndiki mərhələdə əsas məsələlərdən biri məhsulun qısa müddətdə yığılaraq qurudulmasının təmin olunmasıdır. Bu məqsədlə Oğuz rayonu ərazisində 3 qurutma məntəqəsi tikilib. İş icraçısı Xaləddin Alcanov bu günədək heç bir problemlə üzləşmədiklərini bildirib: “Yetişmiş məhsulu fermerlər gündəlik qırıb gətirib tütün qəbulu məntəqəsinə təhvil verirlər. Məntəqə gündəlik 25 tona qədər göy tütün qəbul etmək gücünə malikdir. Elə bir prolem olmayıb ki, tütünü qəbul etməyək. Sahədə yetişmiş tütün yığılıb gəlir, qurudub Şəkiyə qəbul mətəqəsinə təhvil veririk”.
Onu da bildirək ki, gələcəkdə tütün qurutma məntəqəsinin iki növbəli sistem əsasında işləməsi planlaşdırılır. Bu isə orta hesabla 60 nəfərin işlə təminatı deməkdir. Oğuzda tütünçülüyün inkişafına xarici investisiya da cəlb olunur. Ölkəmizdə sağlam biznes mühiti yaradıldığından yaponiyalı iş adamı rayonunun Sincan kəndində tütün plantasiyaları saldırıb. İnvestor bu sahəyə 2 milyon 200 min ABŞ dolları sərmayə qoyub. Bu isə rayonda tütünçülük üzrə daha yüksək nəticələr əldə etməyə imkan verəcək.
Sərxan Məmmədov, Günay Bünyadzadə