Ermənilərin Azərbaycan ərazisinə köçürüldüklərini sübut edən abidə - Şahidlər danışır

Ermənilərin Azərbaycan ərazisinə köçürüldüklərini sübut edən abidə - Şahidlər danışır

1 Sentyabr, 09:40 Sosial mediada paylaşın:

Ermənilərin Azərbaycana ərazi iddialarının əsassız olmasını göstərən, onların Qarabağa 19-cu əsrdə köçürüldüklərini sübut edən arxiv materialları, tarixi faktlarla yanaşı Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa-150” abidəsi də var. Abidə ermənilərin İranın Marağa ərazisindən keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisinə köçürülmələrinin 150 illiyinə həsr olunub.

Ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsinə 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra başlanılıb. Abidəni də ermənilər həmin hadisənin 150 illiyi ilə əlaqədar özləri qoyublar.

Abidə “Qızlar bulaq başında” kompozisiyası əsasında qurulub. Rəngli mozaika ilə işlənib. Kompozisiya eni 1,5, hündürlüyü 3 metrədək olan əsas abidə, eləcə də sağ və sol tərəflərdə mərmər sütun bulaqlardan ibarət olub. Mərmər sütunların birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılıb. Şahidlər deyirlər ki, ermənilər hər bir əlamətdar günlərində buranı ziyarət ediblər.

“Marağa-150”dən savayı Dağlıq Qarabağ ərazisində ermənilərin buraya köçürülməsi ilə bağlı digər abidələr də olub. Məsələn, “Çaylı-150”, “Cığabert-150”, “Metişen-150”... Həmin abidələr də ermənilərin köçürüldükləri əraziləri, yaşayış məntəqləri ilə baglıdır. Sözügedən yaşayış mənqələrinin adlarını isə ermənilər dəyişdirib öz adlarına çıxıblar.

“Marağa-150” abidəsinin də qalıqlarından əlavə şəkilləri qalır, şahidləri yaşayır. Abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq ətrafında abadlıq işləri də aparılıb. Burada Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Bunların hamısı mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavabdır.

Elnur Tofiq

CANLI YAYIM