Ağsuda tarixi Qazan xan arxı bərpa olunur. Yay aylarında susuzluqdan əziyyət çəkən ərazilərin bu kanal vasitəsilə suvarılmasını mümkün edəcək mühüm layihə Prezindent İlham Əliyevin sərəncamı əsasında reallaşır.
Genişmiqyaslı və mühüm layihənin icrasına ötən ilin oktyabrından başlanılıb. İşlərin yüksək səviyyədə həyata keçirilməsi üçün dövlət büdcəsindən 3,3 milyon manat vəsait ayrılıb.
Tikinti işlərinə 20 adda müxtəlif təyinatlı texnika, 50-yə yaxın işçi qüvvəsi cəlb olunub.
Cavanşir su anbarının su ilə təminatını həyata keçirəcək kanalın çəkilişində müasir hidrotexniki qurğulardan istifadə olunur. Bununla da yay aylarında susuzluqdan əziyyət çəkən ərazilər kanal vasitəsilə suvarılacaq.
Qazan xan arxının bərpası ilə yanaşı, daha bir qədim arxın da lildən təmizlənməsi işləri aparılır. Bu, 14-cü əsrə aid Ömər Lahici arxıdır. Hazırda rayonun ən böyük yaşayış məntəqəsi olan Gəgəlidə xüsusi texnikaların köməkliyi ilə illərdir yığılıb qalan lil arxdan kənarlaşdırılır. Bu kanallar boyunca həm də tarixi İpək yolu keçir. Ərazidə çoxlu qədim yaşayış məskənləri, abidə və nekropollar var. Bunun da hesabına Ağsu şəhəri UNESCO tərəfindən İpək yolu üzərində yerləşən şəhərlər sırasına salına bilər. Artıq bu istiqamətdə təbliğat işlərinə başlanılıb.
Günel Habilqızı