Regionlar inkişaf edir - ŞƏRH

Regionlar inkişaf edir - ŞƏRH

14 Avqust, 17:43 Sosial mediada paylaşın:

Azərbaycanın daxili siyasətinin mühüm parametrlərindən biri paytaxt Bakı ilə yanaşı, regionların da sürətli inkişafıdır. Ölkəmizdə həyata keçirilən köklü sosial-iqtisadi islahatlar, bölgələrdə yenidən qurulan infrastruktur həm ölkəmizin ümumi inkişafına böyük təkan verir, eyni zamanda nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişir. Görülən işlərin, yürüdülən siyasətin təməlində isə ölkənin və Azərbaycan vətəndaşının maraqları dayanır.

Regionların sosial-iqtisadi inkişafı Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Mütəmadi olaraq regionlara səfər edən dövlət başçısı həm özü vəziyyətlə yerindəcə tanış olur, həm də əhalinin müxtəlif qrupları ilə görüşərək onların güzaranı, həyat səviyyəsi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir. Başlıcası isə ölkəmizdə ardıcıl olaraq ölkə iqtisadiyyatının inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli yer tutan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir.

 

Prezident İlham ƏLİYEV: "Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var".

***

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində yeni istehsal və emal müəssisələri, sosial obyektlər istifadəyə verilib, çoxsaylı infrastruktur layihələri reallaşdırılıb, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılıb.

Təkcə 2014-2018-ci illər ərzində regionlarda 1600 kilometrdən çox respublika, 3100 kilometrdən artıq yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub. 157 körpü, keçid, tunel və yol qovşağı inşa edilib və ya yenidən qurulub. Dövlət başçısının şəxsi təşəbbüsü ilə hələ bir neçə il əvvəl əhalinin keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenilənməsi proqramı çərçivəsində ölkənin 61 rayon mərkəzində genişmiqyaslı işlərə başlanılıb. 10 min 590 kilometr elektrik verilişi xətti, 27 min kilometrdən artıq qaz xətti çəkilib və ya yenidən qurulub. 903 yaşayış məntəqəsi qazla təchiz edilib. Proqram çərçivəsində regionlarda 800-dən çox məktəb və uşaq bağçası, 130-a yaxın tibb müəssisəsi tikilib və yenidən qurulub. Dövlət başçısının tapşırığı ilə ucqar kəndlərdə mövcud qəzalı məktəblər yeni binalarla əvəz edilib, modul tipli məktəblər istifadəyə verilib. Təhsil, səhiyyə, turizm, idman və digər sahələrdə əldə edilən bütün bu nailiyyətlər aparılan uğurlu humanitar siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Bu gün ölkəmizdə turizmin inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edilib. Ölkəmizin turizm potensialının tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişafı sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən tədbirlər və atılan addımlar bölgələrimizə üz tutan xarici turistlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Regionların inkişafında mühüm əhəmiyyət kəsb edən amillərdən biri yeni iş yerlərinin açılmasıdır. Son illər bölgələrdə onlarla yeni istehsal və emal müəssiləri, aqroparklar istifadəyə verilib. Bu, regionlarda kənd təsərrüfatının inkişafına da xeyli təkan verib. Artıq təsərrüfat sahibi əkib-becərdiyi məhsulunu satmaqda əziyyət çəkmir. Regionlarda sözünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi isə əhalinin məğulluğunun artırılmasında mühüm əhəmiyyət daşıyır.

Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycan dayanıqlı inkişaf yolundadır. Aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik, əmin-amanlıq, təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsi, xalq-iqtidar birliyidir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

 

Aztv.az

 

CANLI YAYIM