“Yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına təkan verəcək” - AÇIQLAMA

9 Avqust, 14:37 Sosial mediada paylaşın:

Yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı layihələr davam edir. Bu çərçivədə Daşkəsən rayonunun Gəncə–Daşkəsən–Quşçu–Çovdar–Çaykənd avtomobil yolu təmir olunur. Yol 6 yaşayış məntəqəsini əhatə edir.

Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən ayrılan yerli əhəmiyyətli Quşçu-Çovdar-Çaykənd avtomobil yolu IV texniki dərəcəli olmaqla uzunluğu 24.9 km-dir. Avtomobil yolu uzun müddət istismar edildiyindən yararsız vəziyyətdə idi. Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Yeni yol yatağı inşa edilir, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların kəsilməsi və yolun genişləndirilməsi işləri də aparılır. Layihə çərçivəsində hazırda torpaq işləri bitən ərazilərdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür, çiyinlər optimal qum-qırmadaş qarışığı ilə bərkidilir. Mövcud 2 avtomobil körpüsündə təmir işlərinin aparılması, 2 düzbucaqlı su keçidinin inşası, zəruri 24 yerdə suötürücü dəmir-beton boruların quraşdırılması da layihə üzrə görülən işlərin siyahısındadır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib: “Başlanğıcını respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci km-dən götürən yerli əhəmiyyətli Quşçu-Çovdar-Çaykənd yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 6 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına təsir edəcək, yeni imkanlar yaradacaq”

Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağının tikintisi, 208 yol nişanı və məlumatverici lövhənin, 420 siqnal dirəyinin, həmçinin 50 km göstəricisinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

AZTV.AZ