Ölkəmizin ixrac xəritəsi genişlənir

15 May, 14:26 Sosial mediada paylaşın:

Dövlətimizin iqtisadiyyatın diversifikasiyası istiqamətindəki addımları, yeni istehsal sahələrinin yaradılması və “Made in Azerbaijan” brendinin formalaşdırılmasına yönəlmiş ardıcıl tədbirləri Azərbaycan məhsullarına xarici bazarlarda marağı artırmaqdadır. Bu, özünü ixracın həcmində, eləcə də çeşidində də göstərir.

2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 69 ölkəyə məhsul ixrac olunub. 

2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1482,2 milyon dollar, idxalın dəyəri 1022,7 milyon dollar təşkil edib, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə real ifadədə dövriyyə 5,9 faiz, o cümlədən ixrac 0,7 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən,ixracın 34,7 faizini İtaliyaya, 10,0 faizini Türkiyəyə, 7,9 faizini Portuqaliyaya, 6,0 faizini İsrailə, 5,5 faizini Çexiyaya, 4,8 faizini Hindistana, 4,5 faizini Vyetnama, 3,9 faizini Gürcüstana, 3,8 faizini Rusiyaya, 3,5 faizini Tailanda, 3,0 faizini Ukraynaya, hər biri 2,9 faiz olmaqla Birləşmiş Krallıq və Yunanıstana, 2,7 faizini Almaniyaya, qalan 3,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

2019-cu ilin yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1 faiz, real ifadədə isə 4,4 faiz çoxdur.

Yanvar-fevral aylarının statistikasında isə bir qədər də artım müşahidə olunur.

Belə ki, bu dövr ərzində Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon dollar olub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk iki ayında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb. Hesabat aylarında Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Rusiyaya qeyri-neft ixracı 21 faiz, Gürcüstana 13 faiz və İrana 2,1 dəfə artıb.

Fevralda isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon ABŞ dolları təşkil edib.

Ay ərzində qeyri-neft sektoruna aid ən çox məhsul ixrac edilən ölkələrin siyahısında Türkiyə (38,3 milyon dollar) ilk sıraya yüksəlib. Bu siyahıda Rusiya ikinci (35,7 milyon dollar) və Gürcüstan üçüncü (23,4 milyon dollar) olub.

İndi isə bir neçə seqment üzrə ixrac mənzərəsinə diqqət yetirək.

Elektrik enerjisinin ixracı ötən ilin birinci rübü ilə müqayisədə artıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kilovat/saat elektrik enerjisi ixrac edilibsə, cari ilin ilk rübündə 161 milyon kilovat/saat ixrac olunub. Bu isə 30 milyon kilovat/saat və ya 23 faiz artım deməkdir.

Bu ilin yanvar-fevral aylarında dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac olunub. İlin ilk iki ayında "Azərkosmos" ASC peyk telekommunikasiya xidmətlərinin ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Fevralda isə "Azərkosmos" ASC dünyanın 14 ölkəsinə 952 min dollarlıq xidmət ixrac edib.

"Azərkosmos" ASC-nin cari ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Nigeriya və Gürcüstandır.

Bu dövr ərzində meyvə-tərəvəz ixracı 76 milyon, elektrik enerjisinin ixracı 30,5 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 30,1 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon, kimya sənayesi məhsullarının ixracı 12,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon dollar təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90 faiz, elektrik enerjisinin ixracı 50 faiz, meyvə-tərəvəzin ixracı 30 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 26 faiz artıb.

İxracın stimullaşdırılmasında Azexport.az portalı da əhəmiyyətli rol oynayır.

2019-cu ilin yanvar-fevral aylarında bu portala 145,6  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb. Bu ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9  milyon ABŞ dolları təşkil edib və 2018-ci ilin fevral ayı ilə müqayisədə 16,3 milyon ABŞ dolları və ya 43,4 faiz artıb. 2019-cu  ilin yanvar-fevral ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13%), Rusiya(12,4%), ABŞ (7%), Hindistan (7%) və  Gürcüstan (5,9%) qərarlaşıb.

Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 28 Fevral tarixinə kimi (26 ay ərzində) Azexport.az portalına dünyanın 123 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 134,7 milyon ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sonuncu “İxrac icmalı”nda bildirilir  ki, cari ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 6,8 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-mart ayları ərzində  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 20,1 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Vüsal Məmmədov