Azərbaycan pandemiya ilə mübarizə tədbirlərini uğurla davam etdirir - ŞƏRH

Azərbaycan pandemiya ilə mübarizə tədbirlərini uğurla davam etdirir - ŞƏRH

7 İyul, 11:40 Sosial mediada paylaşın:

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi, səhiyyə sistemində həyata keçirilən yeniliklər, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı təhlükəli virusun təsirlərindən minimum itkilərlə çıxmağı təmin etməlidir. Lakin burada uğur formulu birtərəfli xarakter ala bilməz: dövlətin gördüyü fenomenal işlərə əhali öz məsuliyyəti, intizamı və davranışı ilə qarışıq verməlidir.

İyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının açılışı Azərbaycan dövlətinin koronavirus xəstəliyinə qarşı effektiv və prinsipial mübarizə tədbirlərini davam etdirdiyinin real ifadəsidir.

-10 korpusdan ibarət,

-800 xəstəni qəbul etmək gücündə olan hospitalda

-müalicə işi ilə yanaşı,

-laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparılacaq, habelə,

-vahid idarəetmə və

-tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayacaq. Azərbaycan Televiziyası, İctimai Televiziya və “Xəzər” Televiziyasına ölkəmizdəki hazırkı vəziyyət barədə müsahibə verən Prezident İlham Əliyev yaxın zamanlarda ərazidə daha bir modul tipli xəstəxananın inşa ediləcəyini də bildirdi. Orada nəzərdə tutulan çarpayıların sayı isə daha çox

-1300-ə bərabər olacaq. Bu, təqribən,

-2 ay ərzində 2 mindən çox xəstənin tibbi qayğısının təmin edilməsi anlamına gəlir. Ümumilikdə, yaradılacaq

-10 modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə

-2000 çarpayılıq ehtiyat yaradır. Lakin pandemiyanın dalğavari təsirlərini nəzərə alaraq Azərbaycan Prezidenti daha

-10 modul tipli xəstəxananın tikilməsi ilə bağlı göstəriş verib. Artıq

-5 xəstəxana fəaliyyətdədir və yaxın zamanlarda

-daha 15 xəstəxananın da koronavirus xəstələrinin istifadəsinə verilməsi respublikada pandemiya ilə bağlı vəziyəti tam nəzarətdə saxlamağa, səhiyyə sistemi üzərində mövcud olan ağır yükü qaldırmağa xidmət etməlidir. Əlbəttə, hər bir məsələdə uğurlu nəticələr paralellər hesabına aşkara çıxarılır və bu gün Azərbaycanla digər ölkələr arasında müqayisələr aparılarkən ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş dövlətlərdə koronavirusa yoluxanların sayının 60-70 min, ölənlərin sayının isə 10 min nəfər olduğu görünür. Ölkəmizdə isə rəqəmlər bundan xeyli aşağıdır.

Prezident İlham Əliyevin sözləri bunu bir daha təsdiq edir:“Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır. Bu xəstəlik bir şeyi də göstərib - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil”.

Son zamanlar Azərbaycanda görülən profilaktik tədbirlər nəticəsində yoluxma rəqəmində bir qədər sabitlik əldə edilsə də, proseslərin daha arzuolunmaz məcraya keçə biləcəyi istisna təşkil etmir. Bu gün ölkəmizdə koronavirus xəstələri

-45 xəstəxanada yerləşdiriliblər, bu xəstəxanaların

-36-ı son müddət ərzində inşa edilib,

-“Yeni Klinika”da hazırda 350 xəstə müalicə alır, pandemiya ilə əlaqədar ölkəyə gətirilən

-laboratoriyaların sayı 29-da çatıb və dövlət tərəfindən

-daha 15 yeni laboratoriya sifariş edilib. Beləliklə, laboratoriyaların sayı

-44-ə çatacaq. Bu isə daha çox testlər keçirməyə şərait yaradacaq. Hazırda Azərbaycan adambaşına düşən

-testlərin sayına görə dünyada 40-cı yerlərdədir. Bununla belə, atılan bütün addımlar dərin təhlilə, mütəxəssis rəylərinə, həkim məsləhətlərinə əsaslanır. Ölçülüb-biçilmiş qərarların əsas məqsədi isə insanların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaq və pandemiya dövründən minimal itkilərlə çıxa bilməkdir.

Prezident İlham Əliyevin fikirləri bunun bariz nümunəsidir: “Ancaq biz müsbət dinamikaya hələ çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə nə qədər bu indiki rejim davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır, ilk gündən bu günə qədər və xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar elə bil ki, gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olduq, cərimələri artırdıq, məcbur oluruq bəzi hallarda sərt addımlar atılır karantin rejimini pozanlara qarşı. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların sağlamlığının qorunmasına hesablanıb”.

Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü COVİD-19-dan sığortalamış hesab edə bilməz. Xəstəlik sərhədlər tanımır və hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur. Ona görə də, dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi  məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir. İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməli, kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Yalnız o halda əldə edilən nəticələri qorumaq və pandemiyanı nəzarət altında saxlamaq mümkün olacaq.

Malik Həsənov

CANLI YAYIM