XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

6 Avqust, 16:32 Sosial mediada paylaşın:

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu möhtəşəm musiqi tədbirinin sonuncu günündə də tamaşaçılara maraqlı konsert proqramı təqdim edilib.

Dörd tərəfi meşə ilə əhatə olunan, dağların ətəyində yerləşən Qəbələ şəhərinin səssizliyini yenə musiqi ritmləri pozdu. XI Qəbələ Beynəlxalq Musiqi Festivalının gündüz saatlarında keçirilən sonuncu konserti Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında oldu. Yerli və xarici musiqiçilər bir səhnəni bölüşdülər. İstedadlı ifaçılar dünyaşöhrətli bəstəkarların əsərlərinə müraciət etdilər.

Heydər Əliyev Fondunun möhtəşən layihələri sırasında yer alan Xl Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi Mədəniyyət sarayında oldu.

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski Azərbaycan Televiziyasına müsahibəsində bunları deyib: “Çox gözəl festivaldır. Azərbaycanın peşəkar musiqiçiləri 6 gün ərzində müxtəlif ölkələrdən dəvət olunan ifaçılarla bir səhnəni bölüşdülər. Fikrimcə möhtəşəm keçdi”.

Ukraynanın “Kiyev virtuozları” simfonik orkestrinin ifası dinləyiciləri heyran etdi. İtaliyalı dirijor Alvise Kasellati iştirakı ilə keçən musiqili axşamda dünyaşöhrətli bəstəkarların əsərləri səsləndirildi. Yekun tədbirdə  iştirak edən musiqiçilər də belə möhtəşəm bayramın iştirakçısı olmaqdan məmnun olduqlarını bildirdilər.

İtaliyadan olan dirijor Alvise Kasellati “İlk dəfədir Qəbələ musiqi festivalında iştirak edirəm. Möhtəşəm festivaldır. Çox sevinirəm ki, musiqi bayramının bağlanış mərasimində iştirak edirəm. Hər kəs konsertdən böyük zövq aldı.

 “Viva opera” adlı yekun  konsert musiqisevərlərin   alqışları ilə müşayiət olundu. Bununla da, dünya musiqisinin təbliğ olunduğu XI Qəbələ Beynəlxalq Musiqi Festivalına yekun vuruldu.

Aztv.az

 

 

 

CANLI YAYIM