Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

3 İyul, 16:02 Sosial mediada paylaşın:

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11 milyonu ötüb. 524 mindən çox insan bu xəstəlikdən vəfat edib. Amerika qitəsində vəziyyət ağır olaraq qalır.

Koronavirusdan ən çox sutkalıq ölüm yenə Braziliyada baş verib.  Ötən gün xəstəlik 1277 nəfərin həyatına son qoyub. Ölkədə bir gündə 48 minə yaxın adama isə COVID-19 diaqnozu qoyulub. Pandemiya başlayandan ikinci dəfədir ki, bu qədər yüksək sutkalıq yoluxma göstəricisi qeydə alınır. İndiyədək koronavirus testi pozitiv çıxan insanların sayı milyon yarımı, tələfat göstəricisi 61 mini keçib. Braziliyanın pandemiyadan ən çox ziyan çəkən ştatları San-Paulu və Rio-de-Janeyrodur.

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 800 min nəfəri ötüb. Ölkənin 40 ştatında virusa yoluxma halları artır. Bunun səbəblərindən biri kimi məhdudiyyətlərin yumşaldılmasından sonra insanların maska taxmaması və ya sosial  məsafə saxlamaması göstərilir. İyunda Arizona, Kaliforniya, Florida və Texas başda olmaqla 14 ştatda yoluxmada iki dəfədən çox artım qeydə alınıb. Virus sürətlə yayıldığından Texasda ictimai yerlərdə maska taxılmasının məcburi olması ilə bağlı qərar qəbul edilib. Bu qayda COVID-19-a yoluxma halları 20 və ondan yuxarı olan dairələrə şamil ediləcək. Floridada ilk dəfə olaraq sutkalıq yoluxma göstəricisi 10 mini ötüb. Virusun yayılmasının qarşısını almaq məqsədilə ştatın ən böyük dairəsi olan Mayami-Deyddə komendant saatı tətbiq olunub. Bundan əlavə, əyləncə məkanlarının açılması təxirə salınıb.

Meksikada da epidemioloji vəziyyət ağır olaraq qalır. Ötən gün virusa yoluxanların sayı 6741 nəfər artaraq 238 mini keçib. 679 koronavirus xəstəsi vəfat edib.

Asiyada ən ağır epidemioloji durum Hindistanda müşahidə olunur. Ölkədə ötən gün 21 mindən çox adamda COVID-19 aşkarlanıb. 377 koronavirus xəstəsi vəfat edib. Hindistan üzrə təsdiqlənmiş ümumi yoluxma göstəricisi 627 mini ötüb.

Afrika qitəsində isə pandemiyaya görə Cənubi Afrika Respublikası diqqət çəkir. Ölkədə indiyədək 170 minə yaxın adama COVID-19 diaqnozu qoyulub, xəstəlik 2800-dən çox insanın həyatına son qoyub.

Avropaya gəlincə, Fransada epidemiyanın ikinci dalğasının gözlənilməsi ilə bağlı narahatlıqlar var. Hökumət şirkət və müəssisələrə minimum 10 həftəlik tibbi maska ehtiyatı görməyi tövsiyə edib. Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi tədris ilinin başlamasına hazırlaşdıqlarını, lakin virusun geri qayıtmaq riskinin olduğunu açıqlayıb.

Serbiya hökuməti isə ölkənin bəzi regionlarında yenidən karantin qaydaları tətbiq edib. Bundan əlavə, qapalı məkanlarda tibbi maskalardan istifadə etməməyə görə cərimələr nəzərdə tutulur. Virusun yayılmasının qarşısını almaq məqsədilə gecə klubları və tələbə yataqxanaları bağlanır. Ən ciddi vəziyyət paytaxt Belqradda müşahidə olunur.

COVID-19-la mübarizə tədbirləri çərçivəsində daha bir ölkə sosial məsafənin gözlənilməməsi və maska taxılmamasına görə cərimələr tətbiq edib. Bu, Monteneqrodur. Ölkədə müvafiq qaydalara əməl etməyən fiziki şəxslər üçün 100 avrodan 2 min avroyadək cərimə nəzərdə tutulur.

Fərda Abasova

CANLI YAYIM