Azərbaycanda ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi tarix açıqlandı - DETALLAR

Azərbaycanda ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi tarix açıqlandı -DETALLAR

2 İyul, 13:00 Sosial mediada paylaşın:

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan 150 kilometrlik  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda işlər davam etdirilir. Artıq 4 iri yaşayış məntəqəsi ilə birbaşa əlaqələndiriləcək avtomagistralın 30 kilometrlik hissəsinin tikintisi başa çatır.

Yeni avtomagistralda tikinti işləri 5 hissədə aparılır. Birinci hissədə görülən işlər  Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasındakı 30 kilometrlik ərazini əhatə edir.  Yolun giriş hissəsi olan bu yerdə körpülər, tunellər və suötürücü borular tikilib, kommunikasiya xətləri çəkilib.

Ödənişə gəldikdə isə, yolun hər kilometrindən istifadəyə görə yük və minik avtomobilləri fərqli məbləğlər ödəyəcəklər. Bu məqsədlə yolboyu 4 nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Yolda tikinti işləri bitən hissədə həmin məntəqələrin qurulması həyata keçirilir.

Ödəniş məbləğinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti qurumlar məsləhətləşmələr aparırlar. Sürücülər yoldan istifadəyə görə ödənişi xüsusi kartlar vasitəsilə edəcəklər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar nəcəfli ödənişlə bağlı bəzi detalları açıqlayıb: “Bu yoldan mütəmadi istifadə edən sürücülərimiz öncədən xüsusi çipli kartlar əldə edəcəklər. Həmin karta balans yükləyib avtomobillərin şüşəsinə yapışdırmaqla nəzarət-buraxılış məntəqəsinin sürətli keçid hissəsinə çatdıqda gözləmədən həmin ərazidən keçə biləcəklər. Balansdan qət etdikləri yola uyğun vəsait silinəcək”.

Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən 58 kilometrlik hissənin tikintisi isə bu ilin sonunadək bitəcək. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıq dirəklərinin quraşdırılması və yolun hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur.

Yeni magistrala 4 iri yaşayış məntəqəsindən birbaşa keçid etmək mümkün olacaq. Bu yaşayış məntəqələrinə Giləzi, Siyəzən və Şabran rayonları, həmçinin, Quba- Xaçmaz yolunun magistral yolla kəsişməsi daxildir.

Avtomagistralda qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni yolun istifadəyə verilməsi  bölgədə  turizmin inkişafına, yük və sərnişin daşımalarının həcminin artmasına, yeni iş yerlərinin açılmasına  şərait yaradacaq.

Sabir Bilalov

CANLI YAYIM