İyunun 24-də və 25-də keçirilən imtahanların nəticələri açıqlanıb

İyunun 24-də və 25-də keçirilən imtahanların nəticələri açıqlanıb

27 İyun, 14:05 Sosial mediada paylaşın:

İyunun 24-də və 25-də 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın nəticələri iyunun 27-də 12:34-dən etibarən mərkəzin saytında yerləşdirilib.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Doqquzuncu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 9314 nəfərdən 356-sı, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 642 nəfərdən 149-u, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 890 nəfərdən 53-ü imtahana gəlməyib. İki nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd: iyunun 24-də və 25-də keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

CANLI YAYIM