İrəvanın mərkəzi küçələri tullantı poliqonuna çevrilib

3 Avqust, 12:37 Sosial mediada paylaşın:

İrəvanın mərkəzi küçələri tullantı paliqonuna çevrilib. Bu da sakinlərin narazılığına səbəb olub. Meriya qarşısında toplaşanlar hökuməti problemi dərhal aradan qaldırmağa çağırıblar.

Ermənistanda etirazların ardı-arası kəsilmir. İrəvanın narazı sakinləri meriya binası qarşısında etiraz edirlər. Aksiya iştirakçıları mer Hayk Marutyana  xəbərdarlıq edərək ona sarı vərəqə göstəriblər. Bildirilir ki, 1 il əvvəl şəhər rəhbərliyinə gətirilən Marutyanın yarıtmaz fəaliyyəti onları qane etmir.

Sitat:  “İrəvan özünün ən ağrılı  günlərini yaşayır. Şəhər problemlər içində batıb gedir. Yayın bu isti günlərində qrafikə uyğun olaraq mənzillərə normal qaydada içməli su verilmir. Şəhərin küçələrindəki tullantılar daşınmır. Liftlərin əksəriyyəti istismar müddətini başa vurması ilə əlaqədar çalışmır. Mer Hayk Marutyan isə bunları görmür”.

Digər bir aksiya iştirakçısı isə bildirir ki, məişət tullantlıları ilə bağlı yaşadıqları məhəllə cəhənnəmi xatırladır: “Ay yarımdan çoxdur ki, tullantılar daşınmır. Ərazidə üfunət qoxusundan durmaq mümkün deyil. Antisanitariya baş alıb gedr. Sakinlər isti havada siçovulların qorxusundan pəncərələrini, qapılarını aça bilmirlər. Mer ya verdiyi sözlərə əməl etsin, ya da ki, istefa versin. Sakinləri  hansısa özəl təmizlik şirkəti ilə meriya arasında fikir ayrılıqlarının yaranması  maraqlandırmır”.

“Çiçəklənən Ermənistan” partiyasının sədr müavini, deputat Naira Zurabyan da bu mənzərəyə münasibət bildirib. O, parlamentin iclasında bildirib ki, bütün bunların günahını Baş nazir Nikol Paşinyan və mer Hayk Marutyanda görür. Sitat: “Bu problemlərin əsas səbəbi ölkədə aparılan siyasi təqiblər və məmur özbaşınalıqlarıdır. Nə üçün hazırki hakimiyyət İrəvanın təmizlik problemləri ilə məşğul olan “Sanitek” şirkətinə süni əngəllər törədərək çalışmağa imkan vermir?  Bu şirkətin 2015-ci ildə hüquqi olaraq İrəvan şəhər meri ilə ümumi razılaşdırılmış 5 illik müqaviləsi var. Marutyan müqavilənin şərtlərini kobud şəkildə pozaraq şirkətin rəhbərliyinə hədə-qorxu gələrək onlardan fəaliyyətlərini dayandırmağı tələb edir. Bu biabırçılıq və ölkədə məmur özbaşınalıqlarının son həddidir. Sakinlər isə haqlı olaraq etirazlarını meriya qarşısında edirlər”.

Aztv.az