“Ulduz” filmindəki Məhəmmədin lüks istirahət yeri - REPORTAJ

2 Avqust, 17:30 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Kinosu Günüdür. Fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını” adlı xronikal sənədli süjetin nümayiş olunduğu gün - avqustun 2-i milli kino günü kimi qeyd edilir. Ötən 121 il ərzində “Azərbaycanfilm”də müxtəlif janrda 2 mindən çox film çəkilib. Onların bəziləri tamamilə, yaxud da epizodları bölglərdə lentə alınıb. Məsələn, “Ulduz” filminin məşhur epizodları Astarada çəkilib.

“Ulduz” filmində çəkilən aktyorlar çoxdan bu dünyadan köçsələr də, məşhur film ömrünü davam etdirir: tez-tez televiziya ekranlarından nümayiş olunur. Bu filmə çəkilən Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov kimi aktyorlar da bu filmdəki rolları ilə tamaşaçıların qəlbində yaşayırlar. Elə filmin əsas səhnələrinin birinin çəkildiyi ləm də yerindədir. Ləm Astaranın Ərçivan kəndində yaşayan Musayevlər ailəsinə məxsusdur.

Əsədulla Musayev (Ərçivan kənd sakini):

Filmi çəkəndə 11 yaşım vardı. 63-cü ildə film çəkildi. Aktyorların burda səhnə aparmağı hamısı yadımdadır. O buzov “çarlstonu” oynayanda mən də buzova daş atırdım. Ayağını tərpədirdi. Bunu rejissor demişdi deyə eləmişdim. Film çəkiləndən sonra məşhurlaşdı. Rayonumuza gələn turitlər gəlib xatirə şəkilləri çəkirlər. Mən də tarixi haqqında məlumat verirəm. Çalışıram gələcək nəslə ötürmək üçün qoruyub saxlayam da.

***

Cənub bölgəsi adət-ənənəsi, mətbəxi ilə yanaşı, arxitekturası ilə də seçilir. Ləm də bu arxitekturanın bir elementidir. Yay evi kimi istifadə edilirdi. 18-19-cu əsrlərdən qalan bu tikililərə, ən çox Lənkəran, Astara və Masallı rayonları ərazisində rast gəlinir. Vaxtilə, təkcə Astaranın Ərçivan qəsəbəsində 50-yə yaxın ləm olub. Zaman keçdikcə, təbii fəlakətlərin təsirindən və yaxud da baxımsızlıqdan bu tikililərin çoxu dağılıb.

Əsədulla Musayev (Ərçivan kənd sakini):

Bunu atamın babası tikib. 19-əsrin əvvəlində tikilib. Özü də Fərman Kərimzadə də burda gecələyib. “Xudafərin körpüsü”nü yazanda. Şah İsm Xətainin Ərçivan səfəri, o da Ərçivanda gecələyib. Kitabda öz əksini tapır. 19-cu əsrdə Aleksandr Düma Qafqaz səfəri zamanı bura da səfər edib. 1 gecə də burda qalıb. Mənim atam danışardı bunları. Ona da atası danışıb.

***

Bu ləm Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İdarəsinin mütəxəssisləri tərəfindən əsaslı təmir olunub və hazırda tarixi abidə kimi qorunur.

Səadət Məmmədov (müəllim):

Kəndimizdə olsa da rayonun digər kəndlərindən, qonşu rayonun uşaqları müəllimləri gətirir və bu abidə ilə tanış olurlar. Çünki bu abidə yeganə burada mövcuddur.Tarix müəllimləri abidəni özləri üçün əyani vəsait kimi istifadə edirlər.2 və ya 3-mərtəbli olan bu ləmlər yaşayış evlərinə yaxın ərazidə, bağlarda inşa olunarmış. Bu tikililərdən əsasən dincəlmək, qonaq qəbul etmək və gecələmək üçün istifadə edilib. Ləmin taxta hissələri keçirmə yolu ilə nəmişliyə davamlı olan azat ağacından qurulub. Bir dənə də olsun mismar vurulmayıb. Qırmızı kərpicdən hörülən ləmin tikintisində yumurta sarısı və küldən istifadə edilib. Ona görə də yağışa-qara tab gətirərək bu günümüzə qədər gəlib çatıb.

 

Aztv.az